Əsas Səhifə > Güney Press > Dünyanı qarışdıran ərazi təklifi

Dünyanı qarışdıran ərazi təklifi


Dünən, 17:53

ABŞ-ın Zəngəzur dəhlizini 99 il müddətinə icarəyə götürməsindən sonra Qəzza zolağına da 10 illik nəzarəti ələ alacağına dair məlumatlar yayılıb.

“The Washington Post”un iddiasına görə, Ağ Evin planında ərazinin məhdud müddətdə nəzarətə götürülməsi, əhalinin müvəqqəti köçürülməsi və anklavın dirçəldilməsi nəzərdə tutulur. Sözügedən iddia beynəlxalq siyasi dairələrdə birmənalı qarşılanmasa da, ciddi müzakirələrə səbəb olub.

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Qəzza zolağının 10 il müddətə ABŞ-a icarəyə verilməsinə dair irəli sürülən ideya həm absurddur, həm də beynəlxalq hüquq baxımından məntiqsiz yanaşmadır:

“Bu cür yanaşma Fələstin xalqının suverenliyinə, tarixi və insani hüquqlarına açıq-aşkar hörmətsizlikdir. Qəzza Fələstin xalqının vətənidir. Onların ərazidə sərbəst, təhlükəsiz və toxunulmaz şəkildə yaşamaq hüququ var. Hər hansı ölkənin, o cümlədən, ABŞ-ın bu əraziyə sahiblik iddiası ilə çıxış etməsi və ya onu icarəyə götürmək niyyətini bəyan etməsi tamamilə yolverilməzdir”.

Politoloqun fikrincə, bu ideyanın ABŞ-ın Zəngəzur dəhlizini 99 il müddətinə icarəyə götürməsi ilə müqayisəsi də doğru yanaşma deyil:

“Zəngəzur dəhlizi strateji, geosiyasi layihədir və hüquqi mexanizmlərlə tənzimlənən bir prosesdir. Əgər ABŞ belə bir layihədə iştirak edəcəksə, bu, konkret razılaşmalar və beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilə bilər. Amma Qəzza məsələsində vəziyyət tamamilə fərqlidir. Orada yüz minlərlə insanın taleyi, həyatı və gələcəyindən söhbət gedir. Həmçinin hazırda Qəzzada baş verənlər bütün dünyada dərin narazılıq və humanitar narahatlıq doğurur.”

Elçin Xalidbəylinin sözlərinə görə, əgər ABŞ həqiqətən beynəlxalq hüquq normalarına hörmət edir və bölgədə ədalətin bərqərar olmasını istəyirsə, ilk növbədə İsrailə təzyiq göstərməlidir:

“Vaşinqton hərbi əməliyyatların dayandırılmasına nail olmalı, mülki əhalinin qorunmasını təmin edən mexanizmləri dəstəkləməlidir. Qəzza ilə bağlı məsələni beynəlxalq hüquq çərçivəsində və diplomatik yollarla həll etməyə çalışmaq Ağ Ev üçün daha məntiqli və ədalətli yol olardı. Əks halda, bu cür absurd ideyalar yalnız gərginliyi artırır və regionda sülhə xidmət etmir”.


Geri qayıt