Əsas Səhifə > Güney Press > Ölkəmizin Şərqdə qazandığl növbəti siyasi uğur
Ölkəmizin Şərqdə qazandığl növbəti siyasi uğurBu gün, 04:15 |
2025-ci ilin avqustunun 30-da Prezident İlham Əliyev Çin Xalq Respublikasının Tianjin şəhərinə səfər edib.
Səfər çərçivəsində Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə, o cümlədən bir sıra aparıcı Çin şirkətləri ilə çox fərqli sahələrdə (enerji, yaşıl enerji, texnologiya və rabitə) geniş görüşlər keçirib ki, bu da ticari əlaqələrin daha da dərinləşdiriləcəyini göstərir.
Prezident İlham Əliyev Tianjin şəhərində Çin Prezidenti Si Cinpin ilə görüşüb. Səmimi atmosferdə keçən görüşdə Çin Azərbaycanı suveren inkişaf modelinə sahib bir tərəfdaş kimi qiymətləndirərək Azərbaycanın strateji mövqeyini vurğulayıb. Bu səfər Azərbaycan üçün bir neçə strateji mesajı ifadə edir: Bakı-Pekin dialoqu yalnız rəsmi dekorasiya deyil, həm də qarşılıqlı etimad və şəxsiyyətlərarası dostluğu göstərir.
Ticarət əlaqələrinin yüksəlməsi və biznes mühitinin inkişafı, Azərbaycanın qlobal iqtisadi sistemdə daha fəal rol oynamaq istəyini ifadə edir.
Görüşlərdə bildirilib ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan-Çin ticarət dövriyyəsi 26.7% artaraq 2.5 milyard dolları ötmüş, Çinin Azərbaycana ixracı 4.5 dəfə artırmışdır.
Sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüşdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Öz çıxışında Azərbaycan-Çin münasibətlərinin inkişafına geniş yer ayıran ölkə başçısı qeyd edib ki, Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Son iki ildə iki dövlət arasında əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. 2024-cü il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq əlaqələri quruldu. Bu il Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.
Prezident İlham Əliyev öz çıxışında vurğulayıb: “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk”.
Bu gün Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradılır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
Hazırda Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.
Beləliklə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitinda iştirakı Azərbaycanın regionda müxtəlif diplomatik və iqtisadi əlaqələri balanslı şəkildə tutmaq qabiliyyətini sübut edir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"
Geri qayıt |