Əsas Səhifə > Güney Press > “Dövlətin dəstəyi olmasa,
“Dövlətin dəstəyi olmasa,Dünən, 16:31 |
"Keçmiş SSRİ dövründə Azərbaycan teatrının uğurlu tamaşaları respublikadan kənarda oynanılıb və alqışlanılıb: di gəl ki, Azərbaycan teatrı sovet respublikaları arasında heç də lider mövqelərinə yüksəlməyib. Amma bu, artıq keçmişdə qaldı”. Bu sözləri "Yeni Sabah"a teatrşünas, yazıçı, professor, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə deyib. O bildirib ki, bu gün bütün dünyada teatra marağın azalması bir tendensiyadır: pizza sifarişi “Gəlin, məsələyə qlobal şəkildə yanaşaq. Bu gün bütün dünyada teatra marağın azalması bir tendensiyadır. Bu fikir nəinki teatra, hətta kino sənətinə də aiddir. Çağdaş dönəmdə teatr heç cür aktual ola bilmir və odur ki, geniş auditoriyanı özünə cəlb etmək iqtidarında deyil. Hamı üçün ən maraqlı nəsnə informasiyadır. Müasir dövrdə sosial-iqtisadi, siyasi gündəm anbaan dəyişir, hamı siyasi xəbərləri diqqətlə izləyir. Nədən ki, onların hər biri taleyüklü məsələlərlə bağlıdır. Bu gün internet, müxtəlif TV-lər, sosial şəbəkələr xəbər konveyerləridir və potensial oxucunu, seyrçini maqnit kimi çəkib özlərinə "pərçim eləyirlər". Bu informasiya burulğanında teatr heç cür öz fəaliyyətində bir balans tapa bilmir, öz fəaliyyətinə bəraət qazandıra bilmir. Mən kimə və nə üçün lazımam? Mən kimin həyatında nəyi dəyişə bilərəm? Teatrın bu sualları cavablamaq gücü və özünə inamı yoxdur. Fəlsəfə, ekzistensional problemlər isə beyni yuyulmuş kütlə üçün bir elə də cəlbedici deyil. Bura süni intellekti də əlavə edək. Onu da unutmayaq ki, müharibə "topları guruldayanda, gözəl sənətlər susur". Bu problemin qloballığının bir əlaməti də ondadır ki, insanlar bu gün sanki seytnot vəziyyətində yaşayırlar, vaxt çatışmamazlığı ilə üzbəüzdürlər: müxtəlif səviyyədə, yəni siyasi, sosial, iqtisadi, mədəni platformada keçirilən tədbirlər, forumlar, görüşlər, olimpiadalar, çempionatlar o qədər çoxalıb ki, az qala təqvimin bütün günlərinə səpələnib. Teatra getmək isə bir ritualdır, bəlkə də özünəməxsus bir meditasiyadır: vaxt tələb edir”. Aydın Talıbzadə vurğulayıb ki, dövlətin teatra dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək: “Baxın, qısaca şəkildə mən dünya teatrının öz fəaliyyətində üzləşdiyi əsas problemlər müstəvisini sizin üçün cızdım. İndi keçək məxsusi Azərbaycan teatrına. Öncə seyrçinin maraq dairəsində olan repertuar, müasir insanın problemlərini işıqlandıran pyeslər. İkinci: mobil, peşəkar, toplumun sevdiyi şəxsiyyətlərdən ibarət truppa; seyrçi teatra, ilk növbədə, sevdiyi aktyora baxmağa, onunla canlı təmas qurmağa gedir. Üçüncü: seyrçini heyrətləndirən, onun düşüncələrini, fikirlər, duyğular aləmini "dağıdıb" yenidən yığa bilən peşəkar, savadlı rejissora. Dördüncü: azərbaycanlı seyrçini tanımaq, onun psixikasına, tərcihlərinə yaxından bələd olmaq, milli adət-ənənələrin stixiyasından baş çıxarmaq, müasir teatr dəblərindən Azərbaycan mentallığını nəzərə alaraq faydalanmaq. Bəli, Azərbaycan teatrının seyrçilər tərəfindən sevilən dönəmləri olub, hətta tamaşaçılar bilet almaq üçün teatrın qapılarına hücum çəkiblər. Bu, fəxrdir ki, azərbaycanlılar öz teatrlarını belə bir şövqlə seviblər. Lakin bunu əsas götürərək demək ki, "Azərbaycan teatrının güclü ənənələri olub", bu, bir qədər etik və doğru deyil. Keçmiş SSRİ dövründə Azərbaycan teatrının uğurlu tamaşaları respublikadan kənarda oynanılıb və alqışlanılıb: di gəl ki, Azərbaycan teatrı sovet respublikaları arasında heç də lider mövqelərinə yüksəlməyib. Amma bu, artıq keçmişdə qaldı. Bütün bu dediklərimlə yanaşı, Azərbaycan teatrının aşağı-yuxarı uğurlu tamaşalarının təbliğata ehtiyacı var ki, biz bunun vasitəsilə seyrçinin diqqətini şou-proqramlardan, dedi-qodu verilişlərindən, bir sözlə, ordan-burdan ayırıb teatra cəlb etməliyik. Bunun üçün teatr özünə inamını, özünə hörməti bərpa etməlidir, öz ləyaqətini uca tutmalıdır və iki gündən bir didişmə çamurluğuna yuvarlanmamalıdır. O ki qaldı maliyyə məsələsinə, bilməliyik ki, dövlətin teatra dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək. Bu, aksiomdur. Bir tamaşa ilə teatr birtib tükənmir: teatr orqanizmdir, simadır, xalqın portretidir və qayğı tələb edir. Teatr seyrçiyə yalnız sevgi bağışlayanda sevilir”. Qeyd edək ki, son rəsmi məlumata görə, Azərbaycanda 29 peşəkar teatr fəaliyyət göstərir. Son 1 il ərzində Azərbaycanda peşəkar teatrlara gedən tamaşaçıların sayı isə 400 min nəfər olub. Bir teatra düşən orta tamaşaçı sayına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələr arasında sonuncu sırada yer alıb. Geri qayıt |