Əsas Səhifə > Güney Press > Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz
Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmazDünən, 16:29 |
Ali təhsil müəssisələrinin yerləşməsi ilə bağlı məsələlər yenidən gündəmə gəlib. Paytaxt Bakıda universitetlərin sayının artması şəhər infrastrukturuna əlavə yük salır, əhalinin mərkəzə axını, tələbə sayının artması kimi sosial balans problemi yaradır. Eyni zamanda, regionların, xüsusən də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kimi strateji ərazilərin sosial-iqtisadi inkişafı məsələsi də prioritet istiqamətlərdən biri kimi müzakirə olunur. Bu kontekstdə iqtisadçı Natiq Cəfərli ali məktəblərin regionlara, xüsusilə Qarabağ və Şərqi Zəngəzura köçürülməsini təklif edib. O hesab edir ki, Bakıdan kənarda universitetlərin yaradılması və ya köçürülməsi həm bölgələrin inkişafına təkan verə, həm də şəhərdaxili yüklənməni azalda bilər.
Bu yanaşma son illərdə Xankəndidə yaradılan Qarabağ Universiteti nümunəsi fonunda daha da aktuallaşıb və cəmiyyətdə müzakirə mövzusuna çevrilib.
Keçmiş təhsil naziri Misir Mərdənov Sherg.az-a Universitetlərin regionlara köçürülməsi fikri iıə bağlı açıqlama verib:
"Natiq müəllimin əksinə demirəm. Lakin bizim bəzi adamlar universitet və yaxud məktəb yaratmağı zavod, fabrik, ev tikməklə qarışdırırlar. Hər hansı bir elm sahəsində məktəb və ya universitet yaratmaq üçün illərlə, əsrlərlə vaxt və böyük zəhmət tələb olunur. Bu sadə məsələ deyil. Bizim ən qədim universitetimiz Bakı Dövlət Universitetidir. Onun artıq bir əsrdən çox yaşı var, amma hələ indi-indi çalışır ki, dünyanın ilk 1000 universiteti sırasında yer alsın. Orada-burada açılan universitetlər bizim istədiyimiz kimi olmayacaq. Qarabağ bizim üçün əlahiddə bir yer, böyük tarixi hadisə idi. Xankəndində Qarabağ universitetinin açılmasını bütün Azərbaycan cəmiyyəti dəstəklədi. Lakin hər universiteti kəndə, rayona köçürmək düzgün yanaşma deyil".
Sabiq nazir tarixən də, bu gün də universitetlərin dünyanın ən inkişaf etmiş mərkəzlərində fəaliyyət göstərdiklərini söyləyib:
"Məsələn Harvard, Massaçusets universitetləri ABŞ-nin elmi və texnoloji cəhətdən ən güclü bölgələrində yerləşirlər. Universitetlər insanların, toplumun, alimlərin, elm adamlarının bir araya gəldiyi yerdə fəaliyyət göstərməlidirlər. Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz. Onun universitet olması üçün çox var. Universitetlərin mərkəzdə sıxlığı azaltmaq məqsədilə şəhərdən bir qədər kənarda yerləşməsi müsbət hal sayıla bilər. Lakin universitetlərin kəndə, rayona köçürülməsi başqa məsələdir".
Geri qayıt |