Əsas Səhifə > Güney Press > 8 avqust razılaşmasından imtina
8 avqust razılaşmasından imtinaDünən, 17:17 |
Cənubi Qafqaz regionunda sülhə doğru mühüm dönüş nöqtəsi yaşanır. Son illər ərzində gərgin münasibətlərin hökm sürdüyü Azərbaycan-Ermənistan xəttində real və praktiki addımlar atılmağa başlanıb. Azərbaycanın siyasi rəhbərliyinin son açıqlamaları, xüsusilə də Prezident İlham Əliyevin beynəlxalq mediaya, o cümlədən “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə səsləndirdiyi nikbin fikirlər bu istiqamətdə irəliləyişin əldə olunduğunu göstərir. Prezident müsahibəsində Vaşinqtonda imzalanan sənədə də toxunaraq qeyd edib ki, əgər Ermənistan xarici qüvvələrin təsiri ilə bu razılaşmadan imtina etməyə cəhd edərsə, bunu ilk növbədə ABŞ mənfi qarşılayacaq. Bu isə onu göstərir ki, sülh prosesi artıq təkcə regionun daxili işi deyil, həm də qlobal güclərin diqqət mərkəzində olan məsələdir.
Sülh prosesinə beynəlxalq dəstəyin artması, bölgədə dəyişən güc balansı və Azərbaycanın qətiyyətli mövqeyi yeni siyasi reallığın formalaşmasına zəmin yaradır. Bu reallıq isə təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region üçün uzunmüddətli sabitlik, iqtisadi əməkdaşlıq və inteqrasiya vəd edir.
Millət vəkili Sahib Alıyev Sherg.az-a proseslərin mahiyyəti, mümkün nəticələri və onların regional və beynəlxalq təsirləri barəsində danışıb:
"Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyi intervüdə ilk dəfədir ki, Ermənistanla sülh haqda bu dərəcədə nikbin danışıb və nikbinliyinin səbəblərini də göstərib. Səbəblərdən biri avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh yönündə atılan çox mühüm addımı “dünyanın bir nömrəli ofisi”nin dəstəkləməsidir. Hakimiyyət dəyişikliyi, yaxud da hər hansı başqa bir səbəbdən Ermənistan 8 avqust razılaşmasından imtina edəcəyi təqdirdə Preziden İlham Əliyevin də vurğuladığı kimi ABŞ ilə əlaqələri pisləşəcək. Çünki onun özü də bildirdi ki, bu, İlham Əliyevlə Nikol Paşinyan arasında yox, Azərbaycanla Ermənistan arsında imzalanan sənəddir. Üstəlik, həmən razlaşmanı səmimi dəstəkləyən dövlətlərin də buna necə reaksiya verəcəkləri unudulmamalıdır.
8 avqust razılaşmasından imtina Ermənistana yaxşı heç nə vəd etmir. Həm də ona görə ki, “Regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik"".
Parlamentari Müzəffər Ali Baş Komandanımızın xəbərdarlıq xarakterli bu açıqlamasının vacib olduğunu vurğulayıb. O bildirib ki, bunu yəqin ki, xəstə cəmiyyətin ən radikal ünsürləri olan revanşistlər də daxil olmaqla, Ermənistanda hər kəs anlayır:
""İlham Əliyevin Zəngəzur dəhlizi haqda bu açıqlaması da həmin cəmiyyətin müəyyən dərəcədə ayılmasına təsirsiz ötüşməyəcək: “Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir.
...Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola və oradan isə bizim İranla dəmir yolu əlaqəmizlə Fars körfəzinə çıxmaq olar. Əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq-Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”.
İranda Vilayəti kimi ünsürlərin bu dəhlizin açılmasına imkan verməyəcəkləri haqda hədələrinə dövlət başçımızın yanaşması da məncə, çox düşündürücü və o hədəni səsləndirənlər üçün sarsıdıcı idi. Doğrudan da, Pezeşkianı İran xalqı seçdiyindən ölkəsinin mövqeyi haqda onun dedikləri əsas götürülməlidir. Legitimliyi sual altnda olanların yox! Məhz bu səbəbdən onların sərgilədikləri mövqenin cənab İlham Əliyevin təbirincə desək, “Bizim üçün əhəmiyyəti sıfırdır!”".
Deputat İrandakı həmin çevrələrin hədələrini reallaşdırmaq istədikləri halda necə olacağından da söz açıb:
"Belə olduğu halda qarşılarında ilk növbədə onlara 12 günlük savaş zamanı “qələbə” yaşadan dövləti-ABŞ-ni görəcəklər. Təbii ki, İrandakı rejimə həlledici son zərbəni endirmək üçün yaranmış fürsətdən İsrail də necə lazımdır faydalanmağa çalışacaq. Azərbaycan bu dəfə baş verənləri sadəcə izləməyəcək, yaxud da həmin savaş günləri bildirdiyi kimi bunu qəbuledilməz adlandırmayacaq. Əksinə, bizə düşməncəsinə yanaşanların, yaratdığımız geosiyasi reallıqla barışmaq istəməyənlərin siyasi səhnədən rədd olub getmələri üçün əlindən gələni əsirgəməyəcək".
Geri qayıt |