Əsas Səhifə > Güney Press / Partiya > Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir

Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir


Bu gün, 16:18

“ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsində stabil mövqedə dayanmaması, gah Moskvanı, gah da Kiyevi ittiham etməsi normal haldır. Halbuki çoxları buna görə Donald Trampın özünü ittiham edirlər. Lakin Tramp Amerika prezidentidir və onun üçün ən ümdə olanı təmsil etdiyi dövlətin maraqlarıdır. İndiki halda prezident Tramp da Rusiya və Ukraynanı deyil, prezidenti olduğu ölkənin maraqları kontekstindən çıxış edərək məsələlərə münasibətini ifadə edir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

“Nəzərə almalıyıq ki, ABŞ prezidenti Tramp üçün Amerika maraqları Ukrayna və Rusiyanın dövlət maraqlarından qat-qat üstündür. Bu səbəbdən də Amerikanın maraqları tələb edəndə Tramp Ukraynanı müdafiə edir. ABŞ-nın maraqları başqa cür tələb etdikdə isə, Tramp Ukrayna rəhbərliyini tənqid edib, Rusiyanın müdafiəsinə qalxacaq. Prezident Trampın fikrini tez-tez dəyişməsi göstərir ki, Amerika bəzi maraqlarını Ukrayna, bəzi maraqlarını isə Rusiya vasitəsilə həyata keçirir. Ona görə də, Rusiya-Ukrayna müharibəsində tərəflərə münasibətini tez-tez dəyişir. Bunu başqa cür izah etmək qeyri-mümkündür”,- S. Cəlaloğlu qeyd edib.

Partiya sədri əlavə edib ki, Ukrayna müharibəsi hələ bir müddət beynəlxalq münasibətlərdə və geopolitikada əsas gündəmi müəyyənləşdirəcək.


Geri qayıt