Əsas Səhifə > Güney Press > SEPAH komandanından "hazırıq" mesajı:

SEPAH komandanından "hazırıq" mesajı:


Dünən, 17:31

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Pakpur bildirib ki, İran İsrailin yeni hücumu halında cavab verməyə tam hazırdır. O qeyd edib ki, İran ordusu yeni təcavüz halında İsrailə daha da sarsıdıcı cavab vermək üçün tam döyüş hazırlığındadır.

Xatırladaq ki, İsrail iyunun 13-də İrana qarşı hərbi əməliyyata başlayıb və məqsədi İranın nüvə proqramını məhv etmək olub. Buna cavab olaraq İran İsraili vurmağa başlayıb.

Daha sonra iyunun 22-də ABŞ İrandakı üç nüvə obyektini vurub: Fordo, İsfahan və Natanz. Bundan sonra ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs elan edib.

Kənan Novruzov

Siyasi şərhçi Kənan Novruzov Musavat.com-a bildirib ki, əslində Pakpurun bu bəyanatı sadəcə SEPAH-ın bütün ssenarilərə hazır olduğunu göstərən mesaj kimi də qiymətləndirilə bilər: "Fikrimcə, indiki həssas məqamda bu, təkcə, ismarış və ya xəbərdarlıq deyil. Həm də hadisələrin gələcək inkişafına işarə vuran bəyanatdır. Məsələ burasındadır ki, 12 günlük müharibədən sonra hələ də regionda gərgin ab- hava qorunmaqdadır. Yaxın Şərq faktiki olaraq "qan çanağına" dönüb. İsrail dayanmır və dayanana oxşamır. Buna paralel olaraq ərəb dünyası da Təl- Əvivə qarşı aqressiyasını azaltmır. Livan, Yəmən kimi ölkələrdən İsrail raket zərbələri hələ də endirilir.
Əvvəl də dediyimiz kimi, HƏMAS- la müharibə bitəndən sonra İsrail hakimiyyəti üçün ciddi təhdidlər yaranacaq. Baş nazir Benyamin Netanyahu ən yaxşı halda iqtidardan gedəcək. Amma həbs olunma ehtimalı da var. Nəzərə almaq lazımdır ki, artıq xalq da hakimiyyətin bu siyasətinə qarşı çıxır. Yəni hakimiyyət bir növ müharibələrdən asılı vəziyyətə düşüb.

Lakin onu da nəzərə almaq lazımdır ki, obrazlı dillə desək, Təl- Əvivi "əcəl girləyir". Ərəb dünyasının İsrailə qarşı hazırkı mövqeyinin arxasında başqa güclərin diktəsinin olması tamamilə mümkündür.
Bütün bunları nəzərə alsaq deməliyik ki, yeni İsrail- İran savaşının başlanması istisna deyil. Bu, əslində, tərəflərə sərf etməsə də, ikisi də yeni qarşıdurmaya məcbur qala bilər. SEPAH komandanının dedikləri də əslində bunu göstərir.

Bəlkə də, İran növbəti qarşıdurma halında 12 günlük savaşda onlarca generalının ölümünün qisasını almaq barədə düşünür. Bu, İran hakimiyyətinin zəifləməməsi üçün çox vacibdir".
Musavat.com


Geri qayıt