Əsas Səhifə > Güney Press > Ukraynanın taleyi ABŞ-nin masasındadır

Ukraynanın taleyi ABŞ-nin masasındadır


Bu gün, 12:15

Ukrayna Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşə hazırdır. Lakin Rusiya buna razılıq verməzsə, ABŞ-dən sərt reaksiya olmalıdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib. Zelenski vurğulayıb ki, o, ikitərəfli görüşə dərhal cavab verib: "Biz hazırıq. Bəs ruslar hazır deyilsə, necə? Avropalılar bu məsələni qaldırdılar. Əgər ruslar hazır deyilsə, o zaman biz ABŞ-dən buna sərt reaksiya görmək istərdik". O qeyd edib ki, ABŞ-nin mövqeyinə görə Vladimir Putin əvvəlcə onunla ikitərəfli görüşə, daha sonra isə ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşə razılıq verməlidir. Zelenskinin fikrincə, görüşün neytral Avropada keçirilməsi daha ədalətli olardı:
“Moskvada görüş ola bilməz. Avropa liderləri də bunu dəstəkləyir, çünki Ukraynada və Avropa qitəsində müharibə gedir. Ukrayna ruslarla, məsələn, İsveçrədə, Avstriyada, Türkiyədə görüşə qarşı deyil, lakin Moskvada qətiyyətlə yox. Budapeştə gəlincə, bu, mübahisəli və çətin məsələdir, çünki Budapeşt Ukraynanın dəstəklənməsinə qarşı çıxırdı”. Zelenski bir sıra dövlətlərin Ukraynaya hərbi qüvvələr göndərməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Kiyev ABŞ Prezidenti Donald Trampdan Ukrayna üçün təhlükəsizlik təminatlarında iştirak edə biləcəyi haqda siqnal alıb və bu, digər dövlətlərin də bu prosesə qoşulmasına imkan yaradır. O qeyd edib ki, Vaşinqtondakı görüşdən əvvəl ABŞ təhlükəsizlik təminatçılarından biri olmayıb, indi isə artıq onların bu prosesə qoşulmağa hazır olduqlarına dair bəyanatları var: "Fikrimcə, bu, əsas çətinliklərdən biri idi. Çünki ABŞ Ukraynanın təhlükəsizlik təminatlarında koordinatorluq etmədiyi halda, avropalı həmkarlarımda bir qədər qeyri-müəyyənlik vardı". Onun sözlərinə görə, bu gün ABŞ-dən, Trampdan və onun komandasından Ukraynanın təhlükəsizlik təminatlarında iştirak etməyə hazır olduqlarına dair müsbət siqnallardan sonra avropalılar daha da ürəklənib: "Bu, başqa ölkələrin də buna qoşulmağa hazır olduqlarını təsdiq etmələri üçün fürsət yaradır. Hazırda əsas ölkələrin baş qərargahları artıq nə etməyə hazır olduqlarını müzakirə etməyə başlayıblar və əvvəllər ortada olmayan bəzi ölkələr artıq görünməyə başlayacaq". Zelenski bildirib ki, hazırda nə qədər ölkənin Ukraynaya silahlı qüvvə göndərməyə hazır olduğu hələlik məlum deyil. Onun sözlərinə görə, vacib olan budur ki, Ukraynaya təhlükəsizlik təminatları verməyə hazır olan ölkələr var - o cümlədən Yaponiya və Avstraliya". Prezident əlavə edib ki, Ukrayna təhlükəsizlik zəmanətlərinin təminatında Çinin iştirak etməsindən imtina edib: "İlk növbədə, Çin bu müharibəni dayandırmaq üçün bizə kömək etməyib. İkincisi, Çin dron bazarını açmaqla Rusiyaya dəstək göstərib. Bizə Ukraynanın ehtiyacı olduğu vaxtda ona yardım etməyən qarantlar lazım deyil".
 
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Sherg.az-a deyib ki, bu gün Zelenskini özünün gələcəyindən daha çox Ukraynanın gələcəyi narahat edir. Ekspert vurğulayıb ki, Qərbin, Avropa və ABŞ-nin Rusiya ilə müzakirə etdiyi mövzu da məhz Ukraynanın aqibəti ilə bağlıdır:
"Beynəlxalq aləmdə ən birinci mövzu Rusiya-Ukrayna müharibəsidir. Rusiya rəhbəri V.Putinlə ABŞ Prezidenti D.Trampın Alyaskada keçirdiyi görüş və ondan sonra Ukrayna Arezidenti V.Zelenski ilə Avropa liderlərinin Ağ Evdə bir araya gəlməsi bu mövzunu yenidən aktuallaşdırıb. Öncə onu qeyd edim ki, D.Trampın Rusiya rəhbərini ölkəsinə dəvət edərək onunla görüşü, ardınca Zelenski və Avropa liderlərini qəbul etməsi ABŞ-nin fövqəldövlət olmasından xəbər verir. Ukrayna tərəfinin maksimum dərəcədə çalışdığı NATO çərçivəsində təhlükəsizlik təminatları almaq idi. Ancaq bu, reallaşmadı. Əgər reallaşsaydı, həmin görüşdə Türkiyə Prezidenti R.T.Ərdoğan da iştirak edəcəkdi. NATO-da əsas söz sahiblərindən biri Türkiyədir. Düzdür, görüşdən sonra amerikalı rəsmilərlə Türkiyə rəsmiləri arasında telefon danışıqları oldu. Ancaq bunlar məlumatlandırma xarakterli təmaslar idi. Hazırda söhbət "ərazi mübadiləsi"ndən və təhlükəsizlik təminatından gedir. Halbuki, Zelenski bundan öncə "ərazi mübadiləsi"ni qəti şəkildə rədd edirdi. Təhlükəsizlik təminatının da yalnız və yalnız Ukraynanın ərazi bütövlüyü çərçivəsində, Rusiya ordusunun tutduğu ərazilərdən çıxması şərti ilə müzakirəsinə razılıq verirdi. Görünən odur ki, vəziyyət dəyişib. Əvvəllər beynəlxalq aləmdə belə bir fikir ortaya atılmışdı ki, Rusiyanı dayandıracaq yeganə güc Çindir. Amma bu gün Çin bu prosesdə yoxdur. Alyaska görüşündən sonra V.Putin də müttəfiqi Çin lideri ilə telefon əlaqəsi saxlamadı. Halbuki, ABŞ prezidenti görüşdən sonra dərhal sonra bütün müttəfiqləri ilə müzakirələr apardı. Bu da ondan xəbər verir ki, ABŞ lideri bu məsələdə Putinə təzyiq göstərməyə çalışır".
 
X.Bəşirov qeyd edib ki, Tramp ötən gün xüsusi vurğuladı ki, Putin Ukrayna ilə bağlı məsələləri başqa ölkələrlə deyil, hələlik ABŞ ilə, gələcəkdə isə rəsmi Kiyevlə müzakirə etməlidir:
"Bu, Trampın konkret tələbidir. Rusiyanın müəyyən güzəştlərə getdiyini, yaxud gedəcəyini söyləmək olar. ABŞ bu problemi həll etməyə tələsir, çünki Trampı narahat edən əsas məsələ - Çin və İrandır. Çünki Yaxın Şərqdə baş verən prosesləri ABŞ məhz bu iki dövlətin müdaxilələri səbəbindən öz xeyrinə həll edə bilmir. Ukrayna məsələsində ABŞ-nin özünün xüsusi tələbi, istəyi yoxdur. ABŞ artıq minerallarla bağlı istəyinə nail olub, müqavilə bağlayıb. Xatırlayırsız, vaxtı ilə Zelenskini "seçkisiz diktator" adlandırırdı, maliyyə yardımlarını geri tələb edirdi. Artıq bu məsələlər gündəmdən çıxıb. İndi Ukraynadan ərazilərini güzəştə getməsi tələb olunur. D.Tramp çox güclü danışıqlar aparmaq qabiliyyətinə sahibdir, güclü mediatordur. Tramp görüşlərdə simvollardan istifadə edir, subliminal mesajlar verir. ABŞ lideri Ukrayna məsələsinə "əmlak danışıqları" kimi yanaşır. 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqını Barak Obamanın üzərinə yıxır, onun uğursuz addımı kimi təqdim edirdi. İndi özü Ukraynadan ərazi güzəştləri tələb edir".

Geri qayıt