Əsas Səhifə > Güney Press > YUXU KİMİ HƏYAT...

YUXU KİMİ HƏYAT...


Bu gün, 17:32

Ağıllı görünmək üçün gözəbatan söz yazırlar... Hamı da onları tərifləyir... sözləri qulağa xoş gəlir... dilə də yatır... amma ürəyə batmır... ağla batmır... eləcə yatır... sözləri də layladır. Hələ bu vaxta qədər Azərbaycanda yuxudan oyadan sözü kimsə eşitməyib. Deyilən bütün sözlər üstümüzə yorğan, başımıza sığal çəkib. Sözün əsl mənasında SÖZLƏRİ YATIB...
Və bu gün həmin SÖZ ADAMLARI meydandadır...
İndi həmin zatlardan bəziləri bu yazdıqlarımı oxuyub bəyənə də bilərlər. Çünki özlərini bu qəbildən hesab etmirlər. Düşünürlər ki, SÖZ ADAMIDIRLAR. Çalışırlar ki, hər gün nəsə yazıb insanlarımızın yaddaşındakı yerlərini qorusunlar. O qədər ustadırlar və ağıllıdırlar ki, millətin, ələlxüsus da hazırki elmi-texniki tərəqqinin pik vaxtında, olayların "razqar" periodunda necə unutqan olduğunu yaxşı görür və yaxşı bilirlər. Onlara isə unudulmaq lazım deyil. Onlar gündəm qala-qala pul qazanrılar. Onların ŞOK HADİSƏLƏRDƏN zəhlələri gedir. Hansısa qeyri-adi olay və yaşantını özlərinə rəqib görürlər. Və çalışırlar ki, həmin yaşantıya da hamıdan operativ... hətta cinayət olduğu təqdirdə hüquq-mühafizə orqanlarından da operativ reaksiya versinlər. Yəni hətta rəqiblərini belə özləri üçün malzəməyə çevirməyi bacarırlar.
Bildiniz kim(lər)i qəsd edirəm. Hamınız onları tanıyırsınız. Hər gün bəlkə də yazdıqlarının altından "layk" qoyub, rəy yazırsınız. Arabir mən də bəyəndiyim fikirlərini layklamışam, layklayıram və layklayacam... amma bu o demək deyil ki, onlar BUDUR...
Yox... bayaq da dedim... Azərbaycanın qulağı hələ oyadan söz eşitməyib. Yata-yata yaşayırıq... Ona görə də bu yazdıqlarımı da bir QARDAŞ LAYLASI kimi qəbul edib, üstünüzdəki "odyal"a möhkəmcə sarılın... Yuxumuz şirin olsun...
Məhəmməd ƏRSOY - "DİA-AZ"

Geri qayıt