Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlunun Dağıstanın Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində saxlanılması barədə məlumat yayıb. Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, FSB-nin iddiasına görə, saxlanılan şəxs Rusiya hərbi-sənaye kompleksinin əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya çatdırmaq məqsədilə üzərində daşıyıb. Xüsusi xidmətin açıqlamasında bildirilir ki, Rufullayev sənədləri Ukraynada yaşayan və Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agenti kimi təqdim olunan qardaşı – 1981-ci il təvəllüdlü Rufullayev Səbuhi Ramiz oğlunun göstərişi ilə götürdüyünü etiraf edib. Məlumata görə, o, sənədləri və mobil telefonu Kurqan vilayətində gizlədilmiş yerdən götürərək Ukraynaya keçirməyə cəhd edib. Hadisə ilə bağlı “düşmənə yardım” maddəsi üzrə cinayət işi başlanıb. Bu maddə ilə 15 ilə qədər həbs cəzası nəzərdə tutulur. FSB həmçinin işin digər iştirakçılarının müəyyən olunması və sifarişçilərin tapılması üçün əməliyyat-istintaq tədbirlərinin davam etdiyini bildirib.
Geri qayıt
|