Əsas Səhifə > Güney Press > Əliyevdən Moskvaya sərt mesaj

Əliyevdən Moskvaya sərt mesaj


Bu gün, 10:45

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ABŞ-a səfəri çərçivəsində bu ölkənin “Fox News” telekanalına müsahibə verib. Dövlət başçısı söhbət zamanı AZAL-a məxsus təyyarənin vurulması məsələsinə toxunub.

O bildirib ki, rəsmi Bakı bu hadisənin qəsdən törədildiyi qənaətində deyil. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, cinayət faktı etiraf edilməli, günahkarlar cəzalandırılmalı və tam həcmdə təzminat ödənilməlidir.

Bəs Prezidentin bu açıqlaması, hazırda gərgin olan Bakı–Moskva münasibətləri fonunda necə qiymətləndirilməlidir?

Globalinfo.az-a danışan politoloq Şəhla Cəlilzadə deyib ki, Azərbaycan–Rusiya münasibətləri AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından öncə yüksək səviyyədə idi:

“Bildiyimiz kimi, 22 fevral 2022-ci ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanmışdı. Hadisədən 4 ay öncə – 2024-cü ilin avqustunda Rusiya Prezidenti Vladimir Putin Bakıda səfərdə idi. Bu, həm də Rusiyanın ölkəmizə verdiyi önəmin, güvəninin göstəricisi idi. İki ölkə arasında qlobal əhəmiyyətli layihələrin reallaşdırılmasından bu görüşdə bəhs olunmuşdu.

Lakin Ukrayna PUA-larının zərərsizləşdirilməsi məqsədilə “Kovyor” (xalça) hava hücumundan müdafiə sisteminin aktivləşdirildiyi tərəfimizə xəbər verilmədən, mülki təyyarəmizin səhvən vurulması və buna görə heç bir məsuliyyətin üzərinə götürülməməsi, ikitərəfli münasibətləri minimuma endirmək təhlükəsi yaradır. Rusiya əvvəlcə bunu “quş sürüsünün hücumu” ilə izah etdi, daha sonra isə kənar təsirlərlə əlaqələndirərək diqqəti öz üzərindən yayındırmağa çalışdı.

Putin, Rusiyanın hava sahəsində təyyarəmizin “qəza”ya məruz qalmasına görə simvolik üzr istəsə də, bu addım məsuliyyəti üzərinə götürməkdən daha çox gərginliyi yumşaltmaq məqsədi daşıyırdı. Lakin Azərbaycanın haqlı tələbləri fonunda, Rusiya mediası və bir sıra dövlət rəsmilərinin anti-Azərbaycan isteriyasına qapılması gərginliyi daha da artırdı. Ölkəmizə qarşı müxtəlif çağırışlar edildi: sanksiya tətbiqi, azərbaycanlıların kütləvi deportasiyası, hətta “xüsusi hərbi əməliyyat” keçirilməsi kimi təkliflər səsləndi. Bu baxımdan, Zatulin, Milonov, Valuyev kimi arzuolunmaz şəxs (persona non grata) elan edilənlər, eləcə də Popov, Pinçuk, Kolesnik, Quruylev kimi deputatların sərt çıxışları xüsusilə qeyd olunmalıdır”.

Siyasi şərhçinin sözlərinə görə, kiberhücumlar, diaspora nümayəndələrimizə qarşı zorakılıqlar fonunda Bakı–Moskva münasibətlərinin gərginləşməsi, Azərbaycanın Ukraynaya humanitar yardımları və Vaşinqtonda imzalanan üçtərəfli sülh bəyanatı Rusiyada daha çox qıcıq doğurdu:

“Ukrayna ilə enerji sazişindən dərhal sonra isə oradakı enerji infrastrukturumuz hədəf alındı.

Prezidentin ABŞ telekanalına müsahibəsində Azərbaycan–Rusiya münasibətlərinə “təyyarəmizin qəsdən vurulmaması” kontekstində yanaşması, ikitərəfli əlaqələrin ali liderlərin siyasi iradəsi ilə bərpa oluna biləcəyinə dair ilkin siqnal kimi qiymətləndirilə bilər. Bu məqsədlə Rusiyanın etməli olduğu əsas addım – səhvini etiraf etməkdir. Bununla Moskva, yalnız etdiyi səhvə görə deyil, həm də Cənubi Qafqazda sülhün və regionun sabit gələcəyinin təminatçısı olduğunu göstərmiş olacaq. Əks təqdirdə, Azərbaycanın liderliyində Rusiyanın regiondan uzaqlaşdırılması geri dönüşü olmayan bir prosesə çevrilə bilər.

Beləliklə, Prezidentin müsahibələri adətən qlobal, regional və milli proseslərlə bağlı dünyaya və dünya liderlərinə birbaşa mesajları ehtiva etdiyi kimi, ABŞ-dakı çıxışında da Rusiyaya və onun liderinə açıq mesaj ünvanlanıb. Təsadüfi deyil ki, demək olar, bütün Rusiya media kanalları bu mesajı geniş şəkildə tirajladılar”.


Geri qayıt