Əsas Səhifə > Güney Press > 102-ci baza BAĞLANIR?

102-ci baza BAĞLANIR?


Bu gün, 16:52

“Rusiyanın Ermənistanda təxminən 8 minə yaxın hərbçisi var. Onların bir hissəsi – təxminən yarısı 102-ci hərbi bazaya aiddir, digər hissəsi isə aviasiya müdafiə qüvvələri və Rusiya sərhəd qoşunlarıdır. Bu qüvvələrin də Ermənistan ərazisindən çıxarılması asan proses olmayacaq”.

Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O, Vaşinqton razılaşmasından sonra Ermənistandakı Rusiya hərbçilərinin aqibəti ilə bağlı fikirlərini səsləndirib.

Hərbi ekspert bildirib ki, bu gün regionda ən geniş müzakirələrə səbəb olan məsələlərdən biri də ABŞ-nin Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinin müəyyən hissəsinə öz hərbi kontingentini yerləşdirməsindən sonra Rusiyanın İran və Ermənistan sərhədini qoruyan hissə və bölmələrinin aqibəti ilə bağlıdır:

“Məlum olduğu kimi, Ermənistan Zəngəzur dəhlizinin açılmasını 2020-ci ildə üzərinə götürmüşdü. Bu funksiyanı Rusiya yerinə yetirməli idi, lakin Rusiya, öz öhdəliklərinin yerinə yetirilməsinə nail ola bilmədi. Ermənistan və İran buna uzun müddət kifayət qədər ciddi şəkildə qarşı çıxdığından, hazırda həmin bölgədə gərginlik müşahidə olunur. Rusiyanın Ermənistandan çıxarılması prosesi, əslində, bir neçə ildir başlayıb, lakin kifayət qədər zəif templə davam edir. Ermənistan artıq Zvartnots Beynəlxalq Hava Limanında sərhəd nəzarətini həyata keçirən rus hərbçilərini oradan çıxarmağa nail olub. Eyni zamanda Ermənistan Vətən müharibəsində məğlubiyyətindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində tədbirlərdə iştirak etmir, üzvlük haqqını da ödəmir”.

Ə. Verdiyev əlavə edib ki, hazırda Zəngəzur bölgəsində həm ABŞ, həm Avropa İttifaqı, həm Rusiya, həm də İran qüvvələri mövcuddur:

“Digər tərəfdən, ABŞ-nin həmin əraziyə hərbi kontingent göndərməsi gözlənilir. Ehtimal olunur ki, burada tikinti işləri üçün müəyyən ABŞ şirkətləri də fəaliyyət göstərə bilər. Əgər İrəvan ABŞ şirkətlərinin yerləşməsinə razılıq veribsə, rus əsgərləri oradan çıxarılmalıdır. Rusiyanın Ermənistanda təxminən 8 minə yaxın hərbçisi var. Onların bir hissəsi – təxminən yarısı 102-ci hərbi bazaya aiddir, digər hissəsi isə aviasiya müdafiə qüvvələri və Rusiya sərhəd qoşunlarıdır. Bu qüvvələrin də Ermənistan ərazisindən çıxarılması asan proses olmayacaq”.

“Rusiyanın indiki şəraitdə Ermənistanda mövqelərini nə qədər qoruyub saxlaya biləcəyi sual altındadır. Son zamanlar Ermənistan ərazisində Rusiyadan hərbi yüklərin daşınması, o cümlədən sərhəd qoşunlarının və 102-ci bazanın möhkəmləndirilməsi ilə birbaşa bağlıdır. Hər halda, Rusiya sərhəd qoşunlarını Ermənistan ərazisindən çıxarmağa məcbur qalacaq, lakin bu proses müəyyən vaxt tələb edəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.


Geri qayıt