Əsas Səhifə > Güney Press > Makronun Cənubi Qafqaz planının İFLASI

Makronun Cənubi Qafqaz planının İFLASI


Bu gün, 16:48

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən Sammit hələ də dünyanın diqqət mərkəzindədir. Çünki bu Sammit təkcə Ermənistanla Azərbaycan arasındakı 35 illik münaqişəni sonlandırmadı, həm də aparıcı dövlətlərin Cənubi Qafqaza münasibətini dəyişdirdi.

Son bir həftədə öz siyasi kursunu redaktə edən dövlətlərdən biri də Fransa oldu. Belə ki, Azərbaycan və Ermənistanı tarixi ABŞ razılaşması münasibətilə ilk təbrik ünvanlayan ölkələrdən biri Fransa idi.

Bunun ardınca Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanla son telefon danışığının təfərrüatlarını özünün “X” səhifəsində bölüşüb:

“Mən ABŞ-ın vasitəçiliyi sayəsində Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışladım. Ümid edirəm ki, bu saziş tez bir zamanda hər iki tərəfin maraqlarına hörmət edən sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına gətirib çıxaracaq”, - deyə o bildirib.

Maraqlıdır ki, Fransa Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətini də dəstəkləyib.

Bu barədə hətta Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. XİN qeyd edib ki, Paris Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bakı - İrəvan münasibətlərinin normallaşdırılmasına yönəlmiş razılaşmaları alqışlayır:

"ABŞ-nin səyləri nəticəsində əldə edilən nəticələr irəliyə doğru atılmış qətiyyətli addımı göstərir. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanması və ratifikasiyası bu prosesi başa çatdıracaq. Bu baxımdan, Fransa tərəflərin ATƏT-in Minsk Qrupunun strukturlarının ləğvinə başlamaq üçün birgə müraciətini dəstəkləyir".

“Nooldu Makron?”

Nəzərə alaq ki, Makronun siyasi hakimiyyəti dövründə Fransa qatı ermənipərəst mövqedən çıxış edib. Rəsmi Paris Ermənistan hər cür siyasi və iqtisadi dəstək göstərməklə yanaşı Azərbaycanla münasibətləri düşmənçilik səviyyəsinə qaldırıb. İki ildən artıqdır ki, Fransa ilə Azərbaycan arasında münasibətlərdə soyuqluq müşahidə olunur.

Lakin bir gündə Makron başda olmaqla Yelisey Sarayındakıların Azərbaycana münasibəti 180 dərəcə dəyişdi. Rəsmi Paris Vaşinqton razılaşmasını təkcə bəyənmədi, həm də alqışladı.

Halbuki Makron və onun komandası son 5 ildə Cənubi Qafqazda müharibənin yenidən alovlanması üçün bütün səylərini ortaya qoydu. Ermənistanı açıq şəkildə müharibəyə təşviq etdi. Bunun üçün ermənilərə hər cür maddi-siyasi dəstək göstərildi. Hələ Qarabağ separatçılarına göstərilən dəstəyi demirik...

Paris meri düz bir həftə Laçın gömrük-keçid məntəqəsinin yaxınlığında yatdı. Fransa Milli Assambleyasının aşağı və yuxarı palatası “Artsax”ın müstəqilliyi ilə bağlı bəyanatlar imzaladılar. Fransalı deputatlar hər yerdə Ermənistanın vəkilləri kimi çıxış etdilər.

Sərhəddəki Aİ missiyasının da sonu göründü

Fransa hökümətinin təşəbbüsü ilə bölgədə “təhlükəsizlik müşahidəçisi” kimi Avropa İttifaqının xüsusi missiyası Ermənistana gəldi. Missiyanın təmsilçiləri tez-tez təmas xəttini binoklla seyrə çıxdılar.

Xatırladaq ki, adıçəkilən missiya (EU Mission in Armenia – EUMA) 2023-cü ilin fevralında Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə işə başlamışdı. Rəsmi versiya sadə idi: sərhəddə gərginliyi azaltmaq, Ermənistanın təhlükəsizliyini qorumaq. Amma qeyri-rəsmi variantda səbəb başqa idi: kabab qoxusuna gəlmiş Fransa da “dağlanmış” Ermənistanı bəhanə edib regionda nüfuzunu artırmaq istəyirdi.

Başı şəxsi münasibətlərinə qarışmış Makronun missiyası bu iki il ərzində eləcə gəzib-dolaşıb dağ havasını ciyərlərinə çəkəndən sonra, arada Ermənistan tərəfinin mənafeyinə “sığal çəkən” hesabatlar verdi, yəni başqa siyasi təsir gücü olmadı.

Ermənistan üçün də bu missiya praktik deyil, simvolik funksiya daşıyırdı. Bir növ psixoloji təskinlik idi.

Əsas məqsədsə Azərbaycana əzələ nümayişi idi. Lakin bir gecədə siyasi mənzərə dəyişdi. Vaşinqton görüşündə münaqişə tərəflərinin yaxınlaşması, ABŞ-ın birbaşa məsələyə qarışması Fransanın təşəbbüslərini puç elədi və EUMA-nın mövcudluğunu sual altına qoydu.

Makron bükə bilməyəcəyi əli öpməyə məcbur qaldı

Bu gün artıq Makron Cənubi Qafqazla bağlı fərqli fikirlər söyləyir. Guya ki, onun ən ülvi arzusu Cənubi Qafqaza davamlı sülhün gəlməsidir. Amma hər kəs yaxşı bilir ki, Fransanın bütün təşəbbüsləri ümumən pozuculuq xarakteri daşıyıb. Təsadüfi deyil ki, bu günlərdə ABŞ dövlət katibi Marko Rubio Fransa prezidenti Emmanuel Makronu İsraillə HƏMAS arasında atəşkəs danışıqlarını pozmaqda ittiham edib.

Tək bu faktın özü göstərir ki, Makron hər zaman bulanıq suda balıq tutmaq arzusunda olub. Nə Cənubi Qafqaza, nə Ukraynaya, nə də ki, Yaxın Şərqə davamlı sülhün gəlməsi rəsmi Parisin maraları daxilindədir.

Siyasi şərhçilər hesab edirlər ki, Makronun diplomatik mövqeyi təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqazda və Ukraynada da prosesləri ləngidir. Azərbaycan–Ermənistan sülh danışıqlarında Fransanın birtərəfli mövqeyi və İrəvanı qızışdıran çıxışları, davranışları real irəliləyişin qarşısını alan əsas amillərdən biri idi.

Artıq hər şey arxada qalıb və qaranlıqlara gün işığı düşüb. Makron iqtidarının Cənubi Qafqazdakı məkrli planları icra olunmadan suya düşdü.

Təbii ki, rəsmi Parisin Cənubi Qafqaz siyasətinin fiaskoya uğramasında Azərbaycanın qətiyyəti və diplomatik hünəri mühüm rol oynadı. 2022-ci ilin avqustundan etibarən Azərbaycan Fransanı Cənubi Qafqazdakı proseslərdən kənarda saxladı, sonda isə onu birdəfəlik bölgədən sıxışdırıb çıxardı. 8 avqustda bu siyasət öz hüquqi təsdiqini tapdı. “Artıq Fransa Cənubi Qafqazda yoxdur” desək səhv etmərik.

Surxay Atakişiyev, Bizim.Media


Geri qayıt