Əsas Səhifə > Güney Press > Qazi xanımını maşınla vurub öldürən sərxoş sürücünü bağışladı

Qazi xanımını maşınla vurub öldürən sərxoş sürücünü bağışladı


Bu gün, 12:46

Bakıda sərxoş vəziyyətdə BMW ilə piyadanı vuraraq ölümünə səbəb olan 31 yaşlı sürücü hakim qarşısına çıxarılıb. Mərhumun həyat yoldaşı Qarabağ qazisidir.

Musavat.com xəbər verir ki, 31 yaşlı Şamxal “Ukrayna” dairəsi yaxınlığında yolu keçən piyadanı vurub. Hadisə bu ilin mart ayında gecə saat 22 radələrində baş verib.

Şamxal BMW markalı avtomobillə Məhəmməd Hadi küçəsi ilə “Ukrayna” dairəsi istiqamətində yolu keçən Bahar adlı xanımı vurub. Hadisə zamanı onun yanında iki rəfiqəsi də olub.

Şamxal İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nizami rayon Sukanal İdarəsində qanunsuz istifadə və debitor borclarla iş qrupunun mühəndisi, qrup rəhbəri vəzifəsində işləyir.

Hadisə günü iki dostu ilə restorandan sərxoş vəziyyətdə çıxıb. Şamxal deyir ki, hadisə günü 2-3 bakal pivə içibmiş. Hadisədən sonra Şamxal maşını yaxınlıqdakı binalardan birinin həyətində gizlədib. Dediyinə görə məqsədi maşının yol kənarında qalmaması olub. Sonra başqa bir dostunun maşını ilə xəstəxanaya gedən zaman piyadanın vəfat etdiyini öyrənib.

Mərhum piyadanın həyat yoldaşı keçmiş hərbçi, I və II Qarabağ müharibəsinin iştirakçısıdır. Hüquqi varis həyat yoldaşını maşınla vuran Şamxalı bağışlayıb. Deyib ki, maddi ziyan 15 min manat olaraq müəyyən edilib: “Maddi ziyanın bir hissəsi ödənilib. Qalan hissəsinin ödənilməsini də öhdələrinə götürüblər. Mənəvi ziyanın ödənilməsi isə mümkünsüzdür. Lakin hadisənin ehtiyatsızlıqdan törədilməsini, təqsirləndirilən şəxsin bir azyaşlı uşağının olmasını, arvadının hal-hazırda hamilə olmasını, cavan olmasını nəzərə alaraq şikayət və tələbim yoxdur”.

Məhkəmənin hökmü ilə Şamxal cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 7 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Bu müddət ərzində onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.


Geri qayıt