Əsas Səhifə > Güney Press > Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı

Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı


Bu gün, 15:06

Özünü qərbpərəst adlandıran şəxslər Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası ilə bağlı aksiya keçirməyə hazırlaşdıqlarını açıqlayıblar.

Musavat.com-un erməni mediasına istinadən bildirdiyinə görə, bu barədə “Ana Ermənistan” hərəkatının yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur:

“Fərqli hakimiyyət şəraitində bu cür anti-erməni qüvvələrin və Türkiyənin “5-ci kolon”unun siyasi meydanımızda olması qeyri-mümkün olardı. Halbuki, indiki iqtidar dövründə bütün bunlar məlum səbəblərə görə nəinki dözümlüdür, hətta faktiki olaraq həvəsləndirilir. Bu, bizim siyasi meydanımızda mümkün deyil”.

Ardınca bildirilir:

“Qarabağı tutandan, Sünik (Zəngəzur) ərazisini mübahisəli zonaya çevirəndən və “Zəngəzur dəhlizi”ni əldə edəndən sonra opponentlərimiz növbəti mərhələyə – 102-ci hərbi bazanın çıxarılması prosesinə keçirlər, bundan sonra Ermənistanın Türkiyə və Azərbaycana tam təslim olması yalnız texniki məsələyə çevriləcək”.

“Ana Ermənistan” bəyan edib ki, Ermənistanın təhlükəsizliyinin mühüm tərkib hissəsi olan Rusiya hərbi bazasına qarşı təxribat xarakterli hərəkətləri qətiyyətlə pisləyir.

“Gümrü meriyası və müvafiq təhlükəsizlik orqanları qanunla müəyyən edilmiş qaydada düşmənin xoşuna gələn, Rusiya hərbi bazasına qarşı yönəlmiş və son nəticədə Ermənistan Respublikasının maraqlarına zidd olan hərəkətin qarşısını almalıdırlar.

“Ana Ermənistan” bütün mümkün vasitələrlə Ermənistan Respublikasının maraqlarını müdafiə edəcək”, bəyanatda deyilir.

P.S. “Ana Ermənistan” adı altında fəaliyyət göstərən təşkilatın əslində Rusiyanın “5-ci kolon”u funksiyasını icra etdiyi bəyanatın məzmumundan aydın olur. Ermənistanın “anasını ağladan” və bundan sonra da ona sürprizlər vəd edən Rusiyanın aktiv müdafiəçisinə çevrilənlərin meydana çıxması sözsüz ki, təsadüfi deyil...

Musavat.com


Geri qayıt