Rusiya lideri Vladimir Putin cümə günü ABŞ prezidenti Donald Trampla danışıqlar ərəfəsində döyüş meydanında üstünlük əldə etməyə çalışır.
Reyting.az xəbər verir ki, bu barədə "Wall Street Journal" yazıb.
Bildirilir ki, rus qoşunları son günlər Ukraynanın şərqində qəfil irəliləyişə nail olub.
Qeyd olunur ki, Ukraynanın Dobropilya şəhəri yaxınlığındakı əraziyə bir neçə mil uzanan sıçrayış müharibədə nadir addımdır. Ukrayna qüvvələri ölkənin ilk müdafiə xəttini pozan və Ukraynanın aylardır tikdiyi istehkam kəmərindən yan keçən kiçik rus əsgər qruplarına qarşı cavab zərbələri endiriblər.
"İndi sual ondan ibarətdir ki, Rusiya öz hücumunu gücləndirə, cəbhə xəttini yarmağı genişləndirə və daha az hazırlıqlı müdafiə ilə əraziyə doğru irəliləyə bilərmi? Əgər Rusiya qüvvələri uğur qazansa, Kremlin əsas hədəfi olan Donetsk vilayətinin şərqində hələ də Kiyevin nəzarətində olan şəhərlərə daha çox təzyiq göstərə bilər",- "Wall Street Journal" qeyd edib.
Nəşr vurğulayır ki, Rusiyanın hücumu bu həftə Alyaskada danışıqlara hazırlaşarkən Putinin mövqeyini gücləndirə bilər. Kreml iddia edir ki, Donetsk Rusiyanın bir hissəsidir və sammit zamanı ABŞ-nın bu və digər ərazilər üzərində Rusiyanın nəzarətini tanımasını təkid edəcək.
Məlumata görə, ərazidə xidmət edən Azov briqadasının zabiti, rusların həftələrlə apardığı araşdırma hücumlarından sonra bu həftə Ukrayna xətlərində boşluq tapdıqlarını və daha sonra xətləri yarmaq üçün böyük işçi qüvvəsindən istifadə etdiklərini deyib.
Nəşr bildirir ki, adıçəkilən ərazini saxlamaq və möhkəmləndirmək Rusiya qoşunları üçün çətin olacaq, çünki onlar müdafiəsiz cinahlarına davamlı hücumlara məruz qalacaqlar.
Geri qayıt
|