Əsas Səhifə > Güney Press > “Bu qərar ATƏT tarixində ilk və nadir hadisə kimi yadda qalacaq”

“Bu qərar ATƏT tarixində ilk və nadir hadisə kimi yadda qalacaq”


Bu gün, 09:18

Azərbaycanla Ermənistan arşında sülh müqaviləsinin mətni ABŞ-da, Ağ Evdə, Prezident Donald Trampın şahidliyi ilə paraflandı. Bu prosesi iki ölkənin XİN başçıları - Ceyhun Bayramov və Ararat Mirzoyan reallaşdırdı. Bayramov və Mirzoyan daha sonra sülh müqaviləsinin imzalanmasına əngəl olan iki şərtdən biri - ATƏT-in Minsk Qrupunun (MQ) buraxılması haqda ATƏT-in baş katibinə birgə müraciəti imzaladı. Birgə Bəyannamədə də eyni müraciət əksini tapıb. Lakin artıq həm də MQ-nin keçmiş üç həmsədrindın biri kimi ABŞ dövlətinin adından.

Bu arada ATƏT baş katibi Firudin Sinirlioğlu birgə bəyanatda ATƏT-ə aid məsələni reallaşdırmağa hazır olduğunu söyləyib. Ancaq məlumdur ki, ATƏT-də qərarlar konsensus prinsipi əsasında verilir. Artıq digər keçmiş həmsədr ölkə - Fransa da Minsk Qrupunun de-yure buraxılmasına çağırış edib. Həmçinin Rusiya aşağı-yuxarı yəqin ki, oxşar mövqe sərgiləyəcək.

Bəs prosedur necədir, Minsk Qrupu rəsmən nə vaxt buraxılacaq, ATƏT-in növbəti sammitində (ilin axırında), yoxsa bu, daha tez mümkündür?

ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT-in iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin rəhbəri Azay Quliyev “Yeni Müsavat”a bildirdi ki, ABŞ Prezidentinin iştirakı və imzası ilə Azərbaycanın Prezidenti və Ermənistanın Baş nazirinin qəbul etdiyi Birgə Bəyannamədə ATƏT-in Minsk Qrupunun və ona aid olan strukturların ləğv olunmasının vacibliyinin qeyd olunması, xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın bu barədə ATƏT-ə rəsmi müraciət göndərməsi Azərbaycanın çox böyük tarixi və diplomatik qələbəsidir: “24 mart 1992-ci ildə, Helsinkidə keçirilmiş ATƏT (o vaxt ATƏM) Nazirlər Şurasının əlavə iclasında Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılan, lakin heç bir əməli addım atmayan bir beynəlxalq təsisat yaxın zamanlarda rəsmi olaraq ləğv olunaraq bütün reyesterlərdən çıxarılacaq və keçmişə çevriləcək. Bu hadisə həm də Azərbaycanın döyüş meydanında, hərbi-siyasi yolla münaqişəni həll etdiyini ATƏT-in rəsmi qərarı ilə təsdiqləyəcək. Bu qərar isə ATƏT tarixidnə ilk və nadir hadisə kimi yadda qalacaq”.

O ki qaldı Minsk Qrupunun ləğvi mexanizminə, Azay Quliyevin sözlərinə görə, burada ilk növbədə qeyd onu qeyd etmək lazımdır ki, ATƏT konsensus əsasında fəaliyyət göstərir, yəni 57 iştirakçı dövlətin hamısı hər hansı bir qurumun və ya mexanizmin yaradılması, dəyişdirilməsi və ya ləğv olunması məsələsində razılığa gəlməlidir: “Məlum olduğu kimi, ATƏT-də 3 qərarverici orqan mövcuddur: 1) Qeyri-müəyyən vaxtda keçirilən (sonuncu dəfə 2010-cu ildə Astanada keçirilib) və ən yüksək siyasi orqan olan Dövlət Başçıları Sammiti; 2) Hər ilin dekabr ayında çağırılan, siyasi və mandat məsələlərində geniş səlahiyyətə malik Nazirlər Şurası; 3) Həftədə bir dəfə çağırılan, səfirlik səviyyəsində, gündəlik idarəetmə və icra qərarlarını verən Daimi Şura. Əlbəttə ki, Minsk Qrupunun ləğvi üçün Dövlət Başçıları Sammitinin çağırılmasına ehtiyac yoxdur. Bunu üçün Azərbaycan və Ermənistan Minsk Qrupu və ona aid strukturların ləğvi barədə birgə qərar layihəsi hazırlayıb ATƏT-in Daimi Şurasına və ya ATƏT-in Nazirlər Şurasının iclasına təqdim edə bilərlər. Bu, yəqin ki, belə də olacaq. Hər iki qurum bu məsələyə baxıb müvafiq qərar qəbul edə bilər. Lakin Nazirlər Şurası ATƏT-in daha yüksək qərarverici siyasi orqanı olduğundan (Minsk Qrupu 1992-ci ildə Nazirlər Şurasının əlavə iclasında yaradılıb) belə bir mühüm qərarın xarici işlər nazirləri səviyyəsində verilməsi ona daha böyük "siyasi çəki" və daha güclü siyasi legitimlik qazandırar. Əsas odur ki, defakto fəaliyyətsiz olan və heç nəyə yaramayan ATƏT-in Minsk Qrupu tezliklə deyure ləğv olunacaq. Bu da münaqişənin rəsmən həll olunduğunu və bu səhifənin qapandığını beynəlxalq səviyyədə təsdiqləyəcək".

Deputat hesab edir ki, ortada Azərbaycan və Ermənistanın siyasi qərarı və ABŞ-ın güclü dəstəyi olduğuna görə heç bir ölkə, o cümlədən Fransa və Rusiya bu qərara veto qoymayacaq.

“Yeni Müsavat”


Geri qayıt