Əsas Səhifə > Güney Press > Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi
Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhliziBu gün, 11:58 |
İran yenə Zəngəzur dəhlizinə qarşı çıxıb. Belə ki, İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti növbəti dəfə Zəngəzur dəhlizi barədə danışıb. O, dövlətlərə Zəngəzur dəhlizi məsələsinin dəfələrlə gündəmə gəlməsi ilə bağlı “xəbərdarlıq” edib: “Bir daha öz öhdəliklərini bəyan edən, lakin öz və regional maraqlarına məhəl qoymayan bəzi hökumətlər Zəngəzur dəhlizi məsələsini gündəmə gətirib və Cənubi Qafqazda qeyri-qanuni məqsədlərinə nail olmaq üçün əlindən gələni edirlər. Xatırladıram ki, regionda və ya ondan kənarda əvvəlki uğursuz təcrübəni təkrarlamağa çalışan istənilən hökumət İranın sərt reaksiyası ilə üzləşəcək”. Göründüyü kimi, Tehran hakimiyyəti yenə də həddini aşaraq Zəngəzur dəhlizi ilə bağlı sərsəm bəyanatlarını davam etdirir. Azərbaycan Ümid Partiyasının sədr müavini, politoloq Bakir Həsənbəyli “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, İran üzləşdiyi bütün problemlərə rəğmən, öz imkanları ilə uzlaşmayan hədə-qorxu ritorikasını istər region, istərsə də dünya dövlətləri üçün yenidən səsləndirməyə başlayıb: “İran əsasən özünün siyasi və hərbi imkanlarını filmlər və ya cizgi filmləri ilə göstərməyə çalışır. Rəsmi Tehran yenə də ənənəvi ritorikasından əl çəkməməklə regionda sülhün və sabitliyin baş tutmaması üçün əlindən gələn bütün imkanlardan istifadə edir. Amma 12 günlük İsrail-İran müharibəsi zamanı İranın imkanlarının nəyə qadir olduğu, əslində isə olmadığını nümayiş etdirdi. 1979-cu ildən həmin müharibəyə qədər öz gücündən dəm vuran İranın gücünün çox aşağı olduğu növbəti dəfə dünyaya sübut olundu”. Ekspert qeyd edib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı iqtisadı və siyasi maraqları var: “Eyni zamanda, strateji maraqları da var. Zəngəzur dəhlizinin açılacağı təqdirdə Türkiyə ilə Mərkəzi Asiya ölkələrinin əlaqələndirilməsində İranın əhəmiyyəti kifayət qədər aşağı düşür və yaxud da sıfırlanır. Çünki Türkiyə Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərdə yalnız İran vasitəsilə hərəkət edir. Bu isə sanksiyalarla üzləşən ölkənin iqtisadiyyatı üçün müəyyən məbləğdə vəsait əldə etmək üçün vasitədir. Həmçinin, Azərbaycanın digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına qazın tranzit ötürülməsi ilə bağlı da İran 15 faiz gəlir əldə edir. Başqa belə nüanslar da var. Bütün bunlar rəsmi Tehran üçün yol üzərindəki söz sahibliyinin itməsi kimi qiymətləndirilir”. Həmsöhbətimiz vurğulayıb ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə, Çindən Mərkəzi Asiyaya və ya Avropaya uzanan bir xətt artıq İranın nəzarətindən kənara çıxacaq: “Bununla da İran özünün strateji əhəmiyyətini itirəcək. Buna görə də Tehran hakimiyyəti ortaya iradə qoymağa çalışır. Ancaq İran Zəngəzur dəhlizini “türk yolu” hesab edir. Bu da təsadüfi deyil. Çünki Zəngəzur dəhlizi vasitəsilə Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin vahid bir xətti yaranır. Həmçinin, Orta dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizi İran üçün bu istiqamətdə siyasi, iqtisadi və strateji anlamda qəbulolunmazdır”. Bakir Həsənbəyli onu da diqqətə çatdırıb ki, İranın mövcud durumu hazırda bu dəhlizin açılmasına mane olacaq səviyyədə deyil: “Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu dəhlizin açılması yalnız Azərbaycanın maraqlarına deyil, həm də Orta dəhlizin bir hissəsi olduğu üçün beynəlxalq maraq kəsb edir. Düşünürəm ki, tərəflər və supergüclər bu məsələyə müsbət rəy verdikdən sonra İranın Zəngəzur dəhlizinə qarşı çıxmaq şansı olmayacaq. İran yalnız pis qonşu kimi tarixə düşəcək”. Geri qayıt |