Əsas Səhifə > Güney Press > İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı

İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı


Dünən, 09:43

Bakı Apellyasiya Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Aybəniz Almuradova ötən il iyunun 11-də liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib və iyulun 2-də həyatını itirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Babək Mahmudov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 9 ay azadlıqdan məhrum edilib.

Qeyd: Dünyasını dəyişən A.Almuradova iki azyaşlı uşaq anası olub.

İstintaq zamanı müəyyən edilib ki, Babək Mahmudov 2023-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin "müalicə işi və profilaktika" fakültəsini bitirsə də, anesteziologiya-reanimatologiya ixtisası üzrə rezidentura kursu keçməyib. Həmin sahə üzrə praktik tibbi fəaliyyətlə məşğul olması üçün sertifikasiya şəhadətnaməsi almayıb. "Reo-Med" klinikasına əmək müqaviləsi bağlanmadan çalışırmış.

Müəyyən edilib ki, əməliyyatdan əvvəl xəstənin nevroloji vəziyyəti, ürək fəaliyyəti nevropatoloq tərəfindən dəyərləndirməyib. "Markain" adlı dərmanın istifadəsindən əvvəl xəstənin allergik reaksiyasının olub-olmadığını müəyyən edilməyib.


Geri qayıt