Əsas Səhifə > Güney Press / Partiya > "Pezeşkian da bu dəyişiklikləri real şəkildə dəyərləndirən liderlərdən biridir"

"Pezeşkian da bu dəyişiklikləri real şəkildə dəyərləndirən liderlərdən biridir"


Dünən, 06:25

Son dövrlərdə İran-Azərbaycan münasibətlərində diqqətçəkən hadisələr yaşanır. Xüsusilə İranın yeni prezidentinin çıxışları və səfərləri regionda maraqla izlənilir. Bu dəyişikliklər həm siyasi dairələrdə, həm də cəmiyyət arasında müxtəlif reaksiyalar doğurur. İran daxilində fərqli mövqelərin toqquşduğu bir zamanda verilən hər açıqlama və atılan hər addım bölgədə balanslara birbaşa təsir göstərir.
Bu hadisələri düzgün qiymətləndirmək üçün həm İranın daxilindəki vəziyyətə, həm də son dövrlərdə İran və Azərbaycan arasında baş verən proseslərə diqqət yetirmək lazımdır.
 
Mövzu ilə bağlı güneyli siyasi şərhçi Kərim Əsğəri Sherg.az-a açıqlama verib:
"İran İslam Respublikasının hazırkı Prezidenti Məsud Pezeşkianın Zəncan vilayətində verdiyi açıqlamalar həm zaman, həm də məkan baxımından olduqca əhəmiyyətlidir. Zəncan Cənubi Azərbaycanda yerləşən tamamilə azərbaycanlıların yaşadığı vilayətdir. Bu baxımdan Pezeşkianın burada səsləndirdiyi fikirlər bir növ Azərbaycandan Azərbaycana verilən bir mesaj kimi qəbul edilə bilər.
2025-ci ildə Pezeşkian Azərbaycan Respublikasına iki dəfə səfər edib. Bu səfərlər çərçivəsində ikitərəfli münasibətlərə dair önəmli görüşlər keçirilib. Bu, İran prezidentinin əvvəlki illərlə müqayisədə Azərbaycanla əlaqələrə daha yüksək səviyyədə diqqət ayırdığını göstərir. Qeyd etmək lazımdır ki, daha öncə Azərbaycanın Tehran səfərlərində İranın sabiq səhiyyə naziri və ya Təbriz Universitetinin rəhbərliyi təmsil olunurdu. Ancaq hazırda prezident səviyyəsində bu yaxınlıq simvolik və siyasi cəhətdən fərqli anlam daşıyır.
Məsud Pezeşkianın özü mühafizəkar deyil, əksinə, islahatçı (reformist) qanadın nümayəndəsi sayılır. Bu, onun ritorikasına və bölgə ilə bağlı mövqeyinə ciddi təsir göstərir. Pezeşkianın Zəncandakı çıxışı isə həm İranın daxili siyasəti, həm də İran-Azərbaycan münasibətləri baxımından ayrıca təhlilə ehtiyac duyur".
 
Ekspert Pezeşkian prezident olduqdan sonra mərkəzçi paniranist dairələrin onu ciddi təzyiqlərə məruz qoyduğunu bildirib:
"Bu təzyiqlərin əsas səbəbi onun Azərbaycan köklü və ümumilikdə türk mənşəli şəxs olmasıdır. 1991-ci ildə Azərbaycanın müstəqillik qazanmasından sonra bu çevrələrdə Azərbaycan dövləti və türklük ideyası daim düşmənçiliklə qarşılanıb.
Xüsusilə Qarabağ münaqişəsi dövründə İranın Ermənistanı dəstəkləməsi, məhz bu paniranist və anti-türk yönümlü çevrələrin təsiri ilə baş verib. Bu gün də həmin dairələr Pezeşkianın Azərbaycanla yaxınlaşma siyasətinə qarşı ciddi daxili müqavimət göstərirlər. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və işğaldan azad olunan torpaqlarda suverenliyini təmin etməsi İran daxilində, xüsusilə Cənubi Azərbaycanda ciddi ictimai-siyasi dinamika yaratdı. Pezeşkian da bu dəyişiklikləri real şəkildə dəyərləndirən liderlərdən biridir".
 
Siyasi şərhçi bu gün İranın iqtisadi, siyasi və hərbi baxımdan olduqca zəif və çətin bir durumda olduğunu söyləyib:
"Prezidentin özünün də etiraf etdiyi kimi, İran çox ağır bir vəziyyətlə üz-üzədir. Bu isə İran üçün qonşularla, xüsusilə Azərbaycanla münasibətlərin normallaşdırılmasını zərurətə çevirir. Qısa müddət öncə baş verən və 12 gün davam edən İran–İsrail qarşıdurması, İranın hərbi zəifliyini bütün çılpaqlığı ilə ortaya qoydu. Unudulmamalıdır ki, İranda ali qərarverici orqan prezident deyil, Ali dini lider Ayətullah Xamenei və onun ətrafında formalaşmış möhkəm teokratik strukturdur. Xarici işlər naziri, daxili işlər naziri və prezidentin özü belə yalnız dini rəhbərin razılığı ilə fəaliyyət göstərə bilir.
Bu səbəbdən Pezeşkianın bu müsbət ritorikası və diplomatik yanaşmaları, paniranist çevrələrin təzyiqləri ilə qarşılaşa bilər. Onun siyasətinin davamlılığı və praktik nəticə verməsi hələlik sual altındadır".
 
Kərim Əsğəri Tehran millət vəkilləri-Mehdi Kuçəkzadə və Cavad Rəsainin Pezeşkianla bağlı mövqeylərinə diqqət çəkib:
"Pezeşkianın Zəngəzur dəhlizi və Azərbaycanla isti münasibətlərə dair açıqlamaları İran daxilində, xüsusilə mühafizəkar və paniranist çevrələrdə ciddi narahatlığa səbəb olub. Tehran millət vəkilləri-Mehdi Kuçəkzadə və Cavad Rəsai kimi radikal fiqurlar açıq şəkildə prezidentin çıxışlarına reaksiya veriblər. Kuçəkzadə bir çıxışında şeir yolu ilə İlham Əliyev və Pezeşkianın hər ikisinin türk olmasına baxmayaraq, “ürək birliyi dil birliyindən daha önəmlidir” deyərək, Pezeşkianı qınayıb. O, Zəncandakı çıxışlara tənqidi yanaşaraq, prezidentin İranın milli maraqlarını daha üstün tutmalı olduğunu bildirib. Rəsai isə Azərbaycan–İsrail münasibətlərini əsas gətirərək, Pezeşkianın Zəngəzurla bağlı mövqeyinin İranın milli maraqları ilə uyğun gəlmədiyini deyib. O, Pezeşkianın Azərbaycanla yaxın münasibət qurmağa çalışmasını kəskin tənqid edib. Kuçəkzadə, eyni zamanda, İslam tarixindən paralellər çəkərək, Bəni Üməyyə ilə Bəni Haşim arasında Qureyş qəbiləsi daxilindəki mübarizələri xatırladıb. Onun fikrincə, eyni etnik və dil qrupuna mənsub olmaq belə siyasi fərqliliklərin qarşısını almır. Bu misalla Kuçəkzadə, Pezeşkianın türk mənsəbinə baxmayaraq, İranın milli maraqlarını hər şeydən üstün tutmalı olduğunu vurğulayıb".

Geri qayıt