Əsas Səhifə > Güney Press > Banklardan kredit almaq daha da çətinləşdi:
Banklardan kredit almaq daha da çətinləşdi:Dünən, 21:19 |
Son vaxtlar istehlak kreditləri, xüsusilə kredit kartları üzrə borclanmanın sürətli artımı müşahidə olunur. Bu səbəbdən Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə borcun daha məsuliyyətli və sağlam idarə olunması üçün tənzimləyici tədbirləri sərtləşdirib. Yeni qaydalara əsasən, borcalanın kredit kartındakı limit onun vergi tutulduqdan sonra əldə etdiyi xalis gəlirin maksimum beş misli ilə məhdudlaşdırılır. Həmçinin, bu limit hesablanarkən borcalanın digər kredit təşkilatlarına qarşı olan öhdəlikləri də nəzərə alınır. Bu qayda kredit bazarında nələri dəyişə bilər? İstehlak kreditlərinə qoyulan limitlərin mahiyyəti nədir? Vətəndaşlar bundan sonra hansı addımları ata bilər? Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, yeni dəyişikliklərə əsasən, şəxsin kredit kartındakı limit onun aylıq xalis gəlirinin (vergilərdən sonra) beş misli ilə məhdudlaşdırılır. O bildirib ki, məsələn, əgər bir şəxsin əlinə 1000 manat maaş gəlirsə, onun kredit kartındakı maksimum limit 5000 manat ola bilər: “Mərkəzi Bank istehlak kreditlərinin artımını nəzərə alaraq, bu sahədə məhdudiyyətlər tətbiq edir ki, bu da düzgün addımdır. Azərbaycanda istehlak kreditlərinin həcmi biznes kreditlərinə nisbətən çox yüksəkdir və insanlar yüksək faizlə kredit götürürlər, banklar isə bu vəziyyətdən qazanc əldə edir”. Əkrəm Həsənov qeyd edib ki, bunun həm sosial, həm də iqtisadi problemləri mövcuddur: “Sosial baxımdan vətəndaşlar kreditlərini vaxtında ödəyə bilmədikdə ciddi çətinliklərlə üzləşirlər. İqtisadi və bank sistemi üçün isə bu, problemli kreditlərin artmasına səbəb olur. Buna görə də Mərkəzi Bank məhdudiyyətlər tətbiq edir”. Geri qayıt |