Əsas Səhifə > Güney Press > Rusiya sərt üzünü kimə göstərir?
Rusiya sərt üzünü kimə göstərir?Bu gün, 16:51 |
Sankt-Peterburq administrasiyası miqrantlara qarşı daha bir məhdudlaşdırıcı qərar qəbul edib. Şəhərin qubernatoru Aleksandr Beqlov miqrantlara şəhərdə taksi sürməyi və icarəyə götürülmüş minik avtomobillərində işləməyi qadağan edib. Beqlov qərarı iyulun 28-də imzalayıb, o, 2025-ci ilin sonuna qədər qüvvədədir. Bu barədə "Fontanka" nəşri qubernatorun mətbuat xidmətinə istinadən yazıb. Sənəd imzalandıqdan 10 gün sonra qüvvəyə minəcək. İşəgötürənlərə miqrant sürücülərlə bağlanmış müqavilələri ləğv etmək üçün üç ay vaxt verilir. Hakimiyyət bu tədbirlə "xidmətlərin keyfiyyətini və təhlükəsizliyini" artırmağı planlaşdırır. Ekspertlər bu qərarı miqrantların mənşə ölkələrinə dolayısı ilə təzyiq vasitəsi kimi də dəyərləndirirlər. Bu qadağa həqiqətən xidmət keyfiyyətini artırmaq məqsədi daşıyır, yoxsa Rusiya hakimiyyətinin miqrasiya siyasətini daha da sərtləşdiyini göstərir? “Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Rusiyada miqrantlara qarşı tətbiq edilən yeni məhdudiyyətlər, o cümlədən Sankt-Peterburqda taksi fəaliyyəti ilə bağlı qoyulan qadağa gözlənilən idi. Onun sözlərinə görə, bu qərar Sankt-Peterburqda əmək bazarında ciddi problem yaradacaq: "Rusiyanın bəzi bölgələrində belə absurd qərarların qəbul edilməsi əslində gözlənilən idi. Miqrantlara qarşı qaydalar Rusiyada həddindən artıq sərtləşdirilib. Ona görə də təəccüblü deyil. Amma problem ondadır ki, miqrantların görə biləcəyi işi yerli vətəndaşlar görə biləcəkmi? Məsələ də məhz bundadır. Yəni Rusiyada yaşayan yerli vətəndaşlar bu istiqamətdə hansısa addım atacaqlarmı? Səhər saat 5-də durub işə gedəcəklərmi? Məncə, yox, bu real deyil. Bu qərar yalnız azərbaycanlılara aid deyil. Əslində azərbaycanlılar taksi xidmətində daha az təmsil olunurlar, əsasən Orta Asiya respublikalarından gələnlər bu sahədə çalışırlar. Amma istər-istəməz bu addım Sankt-Peterburqda əmək bazarında ciddi problem yaradacaq”. Natiq Cəfərli Sankt-Peterburqda miqrantlara taksi fəaliyyəti qadağasının uzunmüddətli olmayacağını düşünür: “Açığı, bu qərarın sonradan ləğv edilməsi də gözlənilir. Düşünürəm ki, bu qadağanın sonradan ləğvi də mümkündür. Çünki bu, geniş narazılığa səbəb olacaq. Bu qədər işçini haradan tapacaqlar? Bu, birinci problemdir. İkincisi isə belə qərarların özü absurddur. Çünki miqrantların iş icazəsi varsa, onlar niyə taksi fəaliyyəti növü ilə məşğul ola bilməzlər? Bax, bu, artıq Rusiyadakı şovinizmin və miqrantlara qarşı qeyri-adekvat münasibətin nəticəsidir". Geri qayıt |