Əsas Səhifə > Güney Press > Bakıda təmir olunan yollar niyə çökür?

Bakıda təmir olunan yollar niyə çökür?


30-07-2025, 11:47

Bakının 8 Noyabr prospektində bir müddət əvvəl təmir edilən yolda baş verən çökmə sosial şəbəkələrdə və xəbər lentlərində gündəm oldu.

Bu, ilk deyil. Təəssüf ki, son da olmayacaq. Çünki belə yolların sayı az deyil.

Paytaxtda hər il milyonlarla vəsait ayrılır, asfalt qatları yenilənir, yeni xətlər çəkilir, bəzən hətta səki daşları belə tez-tez dəyişdirilir. Amma bir neçə yağışdan, bir neçə ağır texnikanın keçidindən sonra həmin yollar ya dağılır, ya da çökür. Belə çıxır ki, asfaltın da "mövsüm sonu" olur.

Bəzi küçələrdə eyni yerdə bir ildə iki dəfə təmir işlərinin aparıldığını görürük. Bunun səbəbi isə çox vaxt keyfiyyətsiz iş, tender uğrunda aparılan formal rəqabət və nəzarətsizlikdir. Layihə hazırlanır, təmir aparılır, amma nəticəyə nəzarət olunmur. Halbuki vətəndaşın təhlükəsizliyi və gündəlik rahatlığı bu yolların davamlılığından birbaşa asılıdır. Daha pisi isə odur ki, bu problemlər artıq insan həyatına da təsir edir. Qəza riski artır, nəqliyyat sıxlığı yaranır, ictimai nəqliyyat gecikir. Nəticədə sürücülər əsəbləşir, sərnişinlər narazı qalır, şəhərin ümumi ritmi pozulur. Sual yaranır. Niyə hər dəfə eyni problemi yaşayırıq? Niyə təmirə ayrılan pulların qarşılığında illərlə davam edəcək yollar əvəzinə, mövsümi asfalt görürük?

Yollar bir ölkənin vizit kartıdır. Onların keyfiyyəti həm dövlətə, həm də onun vətəndaşlarına göstərilən hörmətin göstəricisidir. Hər dəfə yol çökəndə təkcə asfalt deşilmir insanlarda da etimad eroziyaya uğrayır.

İndi 8 Noyabr prospektində yenidən texnikalar çalışacaq. Ola bilsin, problem müvəqqəti aradan qalxacaq. Amma əsas məsələ o deyil. Əsas məsələ odur ki, “bu təmirin nəticəsi növbəti yağışa qədərmi tab gətirəcək, yoxsa uzun illər istifadəyə yararlı olacaq?” sualına cavab tapmaqdır.

Və əgər cavab hələ də “növbəti yağışa qədər”dirsə, o zaman sual da, narahatlıq da, çökmə də yerində qalacaq.

Bizimyol.info


Geri qayıt