Əsas Səhifə > Güney Press / Partiya > “Rusiya parçalanacaq, Qusman haqsızlığın qurbanıdır”

“Rusiya parçalanacaq, Qusman haqsızlığın qurbanıdır”


Bu gün, 01:08

TASS agentliyinin birinci baş direktor müavini Mixail Qusman vəzifəsindən azad olunub. Bu qərar onun Azərbaycanın Şuşa şəhərində keçirilən Qlobal Media Forumunda iştirakı və Prezident İlham Əliyevin xarici siyasətini açıq şəkildə tərifləməsindən dərhal sonra verilib. Hadisə, təkcə bir media nümayəndəsinin karyerası ilə bağlı dəyişiklik kimi yox, həm də Kremlin Azərbaycana yönəlik artan narazılığının simvolik göstəricisi kimi şərh olunur.
Qusmanın işdən çıxarılması, Moskvanın informasiya siyasətindəki sərt xəttin daha da kəskinləşdiyini, həmçinin Rusiya daxilində "qeyri-loyallıq" kimi qiymətləndirilən istənilən addıma qarşı dözümsüz yanaşmanın hökm sürdüyünü göstərib. Bu hadisə həmçinin, Rusiya ilə Azərbaycan arasında son aylarda müşahidə edilən diplomatik gərginliyin yeni müstəviyə keçdiyini təsdiqləyir. Beləliklə, bir jurnalistin Şuşada səsləndirdiyi fikirlər, sadəcə şəxsi mövqe yox, iki ölkə arasındakı güc münasibətlərinin və informasiya cəbhəsindəki qütbləşmənin bariz nümunəsinə çevrilib.
Rusiyanın “Kremlyovskaya Tabakerka” Teleqram kanalı yazıb ki, Bakı ilə Moskva arasında diplomatik münasibətlərin korlanması fonunda heç kim belə bir addımı başa düşmür: “Baxmayaraq ki, bəziləri Qusmandan Əliyevə mühüm mesajı çatdırmaq üçün elçi kimi istifadə edildiyi barədə söz-söhbətlər yayırdı. Bu versiyanı İlham Əliyevin Amur vilayətində An-24 təyyarəsinin qəzaya uğraması ilə bağlı Vladimir Putinə başsağlığı verməsi də təsdiq edir. Əliyevin qismən geri çəkilməsinə baxmayaraq, Qusman vəzifəsiz qaldı. Və bəzi mənbələrə görə, Azərbaycan səfərinin ikinci görkəmli iştirakçısı da cəzalandırılacaq. Sergey Markov ümid edir ki, o, bundan qurtula biləcək. Amma yox. Onun arxasında duran yüksək vəzifəli şəxslər də kömək etməyəcəklər”.
Professor Qulu Məhərrəmli Mixail Qusmanın TASS informasiya agentliyindəki vəzifəsindən azad edilməsinə münasibət bildirib. O, bu addımı Rusiyanın çökməkdə olan rejiminin və Prezident Vladimir Putinin batmaqda olan siyasi iradəsinin göstəricisi kimi qiymətləndirib. Professor qeyd edib ki, Şuşa Qlobal Media Forumunda iştirakına görə Mixail Qusmanın TASS-ın direktor müavini postundan uzaqlaşdırılması Rusiyanın dövlətçilik təfəkkürünün artıq tamamilə sıradan çıxdığını nümayiş etdirir:
“Bu fakt bir daha sübut edir ki, Rusiya artıq diplomatiya və dövlət məntiqi ilə deyil, cəngəllik qaydaları, kin-küdurət və qisas hissi ilə idarə olunur”.
Q.Məhərrəmli bildirib ki, Mixail Qusman Azərbaycana dərin bağlılığı ilə seçilən, Bakıda doğulmuş istedadlı jurnalist, tərcüməçi və teleradio aparıcısıdır: “O, 30 ildir TASS informasiya agentliyində çalışır, eyni zamanda "Hakimiyyət formulu" verilişinin müəllifi və aparıcısıdır. Rusiyanın Əməkdar jurnalistidir, Dövlət Mükafatı laureatıdır”. O əlavə edib ki, Qusman qardaşı – tanınmış rejissor və ictimai xadim Yuli Qusmanla birlikdə hər zaman Azərbaycanın yanında olub: “44 günlük Vətən müharibəsi zamanı Mixail Qusmanın Müdafiə Fonduna 50 min avro ianə etməsi bu xalqın yaddaşında silinməz iz qoyub”.
 
Qulu Məhərrəmli hesab edir ki, Kremldə belə nüfuzlu şəxsiyyətə qarşı edilən haqsızlıq Rusiyanın dövlət və media sferasında hökm sürən siyasi mədəniyyətsizliyin göstəricisidir:
“Bu cür addımlar namərdlikdir. İnanıram ki, bu nifrət, qərəz, kin-küdurət və qisas çanağı nəhayət, Putinin öz başında sınacaq”.
Jurnalist Kərim Kərimli isə sosial media hesabında sözügedən məsələ ilə əlaqədar bur cür yanaşma sərgiləyib: "Fəxr edirəm ki, vətənimin lideri İlham Əliyev..."
Rusiyanın TASS informasiya agentliyi baş direktorunun birinci müavini vəzifəsindən azad olunan Mixail Qusman bu sözlərlə başlayan bəyanatı 2023-cü ilin sentyabrında həyata keçirdiyimiz cəmi 23 saatlıq antiterror əməliyyatından cəmi bir həftə sonra vermişdi.
"...Mən Azərbaycanda doğulmuşam və uzun illər burada yaşamışam... Fəxr edirəm ki, vətənimin lideri İlham Əliyevlə Prezident Ərdoğan arasında belə yaxın, sadəcə, qardaşlıq münasibətləri var".
Bəli, bu sözlərin müəllifi erməni işğalından azad edilmiş, bütün separatçı rəhbərləri həbs olunmuş, "sülhməramlı" adı ilə buralara yerləşdirilən Rusiya qoşunlarından təmizlənmiş Xankəndinə gələndə, təbii ki, onu Moskvada nələrin gözləyəcəyini bilməmiş, təsəvvür etməmiş və bu barədə düşünməmiş deyildi. Əgər elə olsaydı, onda o, Mixail Qusman olmazdı.
Həm də ona görə ki, bu gün dünyanın ən böyük ölkəsi olan, 140 milyondan çox əhaliyə malik və Yer üzünün 11 faizini əhatə edən, nəhəng Rusiya Federasiyasını çürütmək "missiya"sını yerinə yetirən siyasi rejimin mahiyyətini çox gözəl bilir. Odur ki, əslində, cənab Qusmanı başına gələn bu işə görə təbrik etmək lazımdır. İşin digər tərəfi də odur ki, iki gün əvvəl 75, 5 yaşı tamam olan Mixail Solomonoviç Azərbaycanı və İlham Əliyevi seçdi! Daha doğrusu, bu seçimini bir daha təsdiqlədi. Ona elə buna görə də təbrik və təşəkkür düşür...Növbə başqa "rusiyalı"larındır...
 
Siyasi şərhçi Azər Həsrət də Sherg.az-a açıqlamasında Mixail Qusmanın vəzifəsindən azad edilməsini Rusiyadakı siyasi sistemin mahiyyətini açıq şəkildə göstərən addım kimi dəyərləndirib. Onun sözlərinə görə, bu hadisə bir daha təsdiqləyir ki, Rusiya "xalqlar həbsxanası" olaraq qalmaqdadır – burada heç kəs, hətta 30 ildən artıq dövlətə və dövlətçiliyə xidmət etmiş şəxslər belə, öz fikrini sərbəst ifadə etmək hüququna malik deyil:
"Mixail Qusman Rusiya üçün az xidmət göstərməyib. Lakin görünür ki, bu ölkədə şəxsi fikrin ifadəsi belə bağışlanmır. Kreml hakimiyyəti hər kəsdən tam itaət və düşüncə birliyi tələb edir. Azacıq fərqli mövqe belə, dərhal cəza ilə nəticələnir".
 
Həsrət hesab edir ki, bu olay Rusiyanın demokratikləşmə və islahat potensialının tükəndiyini, ölkədə totalitar yanaşmanın dərinləşdiyini göstərir: 
“Orada artıq heç bir islahata yer qalmayıb. Yalnız dözümsüzlük, təzyiq və insan hüquqlarının kobud şəkildə pozulması hökm sürür. Belə bir rejimin dünyanın hər hansı bir yerində hegemonluq iddiası ilə çıxış etməsi qəbuledilməzdir. Rusiya dövləti də SSRİ kimi öz ömrünü başa vurmaq üzrədir. Rusiya elitası özlərini hələ də keçmiş imperiyanın varisi kimi hiss edir və qonşu dövlətlərə qarşı təkəbbürlü mövqe tutur. Azərbaycana qarşı aparılan informasiya kampaniyaları da bu yanaşmanın təzahürüdür. Kənardan baxanda görünür ki, çöküşün astanasında olan bir imperiya son ümidlə çırpınır. Çox da uzaq olmayan gələcəkdə Rusiya parçalanma prosesi ilə üzləşəcək və bu gün etdiyi haqsızlıqlar ona gələcəkdə ciddi şəkildə zərər verəcək. Onsuz da Rusiya artıq çökmək ərəfəsindədir. Onun yerində 41 müstəqil dövlət qurulacaq. Rusiya dağıldıqdan sonra yaranacaq yeni türk dövlətləri həm siyasi, həm də ideoloji baxımdan Türk dünyasının bir hissəsi olmaq istəyəcəklər. Ona görə də türk dövlətlərinin inteqrasiyası qısa zamanda reallaşdırılmalıdır”.Ekspert qeyd edib ki, Mixail Qusman Rusiya dövlətinə və dövlətçiliyinə kifayət qədər xidmət etmiş biridir. Belə bir adamı öz fikirlərini müstəqil ifadə etdiyinə görə işdən çıxarmaq haqsızlıqdır. Ona qarşı daha təhlükəli addımların atılacağı da istisna deyil. 

Geri qayıt