Əsas Səhifə > Güney Press > "Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür"
"Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür"Bu gün, 14:51 |
Rusiya prezidenti Vladimir Putin özünün Ukraynaya qarşı başladığı müharibə ilə təkcə beynəlxalq arenanı deyil, daxili iqtisadi balansı da dağıdıb. Müharibə üçün daim genişlənən silah sənayesi dövlətin əsas prioritetinə çevrildiyi halda, mülki sahələrdə geriləmə, bəzən isə kəskin çökmə baş verir.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Nəşr yazır ki, Rusiya iqtisadiyyatı artıq dərin çatlarla üz-üzədir. Dünya ictimaiyyəti Rusiya iqtisadiyyatının sanksiyalar qarşısında gözləniləndən daha dayanıqlı qalmasına heyrət etsə də, müharibənin üçüncü ilində bu sistemin zəif yerləri bir-bir üzə çıxır. Məqalədə deyilir: "İki trilyon dollarlıq iqtisadiyyatda çatlar artıq göz önündədir".
Əsas səbəb isə Kremlin siyasi seçimi ilə bağlıdır: "silah, yoxsa yağ" dilemmasında Rusiya rəhbərliyi birincini seçib. Məsələn, Putin bu həftə yeni nüvə sualtı qayığının bayraq qaldırma mərasimində iştirak edərkən, ölkədə avtomobil satışlarının bir ayda 30 faiz azalması xəbəri yayıb. Hökumət isə buna cavab olaraq inflyasiya risklərini artırmaq bahasına faiz dərəcələrini endirməyə başlayıb.
Rusiya iqtisadiyyatı yavaş-yavaş süqut edir
"Bloomberg Economics"in geo-iqtisadiyyat analitiki Alek Kokçarov bildirir ki, Rusiyada bir çox sahələrdə böhran artıq açıq görünür: "Müharibə, sanksiyalar, işçi qüvvəsi çatışmazlığı, neft qiymətlərinin düşməsi, bahalı rubl və yüksək faiz dərəcələri iqtisadiyyatı çökdürür".
Putinin Ukrayna müharibəsinə tam fokuslanması mülki iqtisadiyyatı ikinci plana atıb. Əvvəllər neft və qaz ixracı Rusiya üçün güclü dəstək idi, lakin bu resurslar digər sektorları ayaqda saxlamağa yetmir. Məsələn, kömür sənayesi dərin böhran yaşayır - həm bazarları itirib, həm də texnoloji təchizat və maliyyə dəstəyi çatışmır.
Ən dramatik nümunələrdən biri isə metal sənayesidir. Rusiya silah istehsalını gücləndirsə də, bu sahə metallurqlara yetərli sifariş vermir. Eyni zamanda, daşınmaz əmlak bazarının tənəzzülü daxili tələbi zəiflətdiyindən, polad sənayesi ciddi azalma ilə üzləşib.
Banklar kömək istəyir, biznes narazıdır
Ən təhlükəli siqnallardan biri isə maliyyə sektorundan gəlir. İyulun əvvəlində bəzi iri bankların rəhbərləri hökumətdən yardım almaq zərurəti barədə gizli müzakirələr aparıb. "Bloomberg"-ə sızan sənədlər göstərir ki, bankların problemli kredit səviyyəsi rəsmi rəqəmlərdən xeyli yüksəkdir.
Yalnız müdafiə və dövlət sifarişlərinə bağlı sahələrdə artım müşahidə olunur. "T-Investments" şirkətinin baş iqtisadçısı Sofiya Donetsin sözlərinə görə, digər sektorların hamısı 2025-ci ildə geriləmə yaşayır.
Bununla yanaşı, dövlət hərbi xərcləri qarşılamaq üçün getdikcə daha radikal metodlara - özəl mülkiyyətin müsadirəsinə əl atır. Son bir ildə müsadirə olunan aktivlərin dəyəri üç dəfə artıb. Rusiya biznes dairələri bu "sürünən milliləşdirmə" meylindən narahatdır. Amma görünən odur ki, Kreml bu narahatlıqlara əhəmiyyət vermir.
Alek Kokçarov bu mənzərəni belə yekunlaşdırır: "Putinə nə kömür hasilatının azalması, nə də pərakəndə satışların çöküşü maraqlıdır. Onun əsas məqsədi hərbdə ya I Pyotr, ya da II Yekaterina kimi tarixə düşməkdir.
Uzunmüddətli perspektiv: texnoloji dalan
Qısamüddətli baxışda Rusiya hərbi baxımdan güclü, sanksiyalar isə zəif görünə bilər. Amma uzunmüddətli perspektivdə Moskvanın Qərb texnologiyalarından məhrum qalması onu texnoloji cəhətdən tədricən geri salacaq. Xüsusən də hərbi sahədə bu fərq getdikcə daha aydın hiss ediləcək.
Digər tərəfdən, Çin də Rusiyanın Ukraynada qələbə qazanmasını istəmir. Çünki bu halda Kreml Pekindən daha az asılı olacaq və bəlkə də yeni savaşlara başlaya bilər. Pekin üçün ən ideal ssenari nə qalibin, nə də məğlubun olmadığı, sonsuz bir müharibədir.
Geri qayıt |