Əsas Səhifə > Güney Press > İran səfirindən erməni kimi açıqlama və hədə:

İran səfirindən erməni kimi açıqlama və hədə:


Dünən, 12:14

İranın Ermənistandakı səfiri Mehdi Sobhani verdiyi son açıqlama ilə Azərbaycan və regionda sabitlik naminə görülən strateji təşəbbüslərə qarşı növbəti dəfə açıq mövqe sərgiləyib.

Musavat.com xəbər verir ki, səfir “Euromedia 24” nəşrinə müsahibəsində bildirib ki, Ermənistanın cənub-şərqində yerləşən Sünik bölgəsində ABŞ şirkətinə yol layihəsi üçün icarə təklifinə Tehran tərəfi son dərəcə mənfi yanaşır və bu təşəbbüsü potensial geosiyasi risk kimi qiymətləndirir.

Sobhani qeyd edib ki, Tehran belə bir layihənin İran-Ermənistan arasında quru bağlantıya və bölgədəki geosiyasi balanslara zərər verə biləcəyindən narahatdır. O, Ermənistana istinad edərək bildirib ki, İrəvan bu təklifi rədd edib və İran tərəfinə əminlik verib ki, ölkənin ərazi bütövlüyü çərçivəsindən kənara çıxılmayacaq. Səfir Tehranın bu mövqeni tam şəkildə dəstəklədiyini bəyan edib.

İranlı diplomat əlavə edib ki, beynəlxalq sərhədləri dəyişə biləcək və ya regionu qeyri-sabitləşdirəcək istənilən addım Tehran tərəfindən ciddi narahatlıqla qarşılanır. Onun sözlərinə görə, ərazi bütövlüyü məsələsi heç bir halda manipulyasiya mövzusuna çevrilməməlidir və əgər bu cür nümunələr beynəlxalq hüquqda norma halını alarsa, bu, bütün dünya üçün təhlükəli presedent yaradacaq.

Qeyd edək ki, bu açıqlama İranın rəsmi dairələrinin uzun illərdir Cənubi Qafqazda sərgilədiyi ikili standartlar siyasətinin növbəti nümunəsi kimi qiymətləndirilir. İran rəsmiləri Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquqa əsaslanan nəqliyyat-kommunikasiya təşəbbüslərinə daim təzyiq göstərməyə çalışır, Ermənistanı isə açıq şəkildə dəstəkləyir. Bu vəziyyət xüsusilə Zəngəzur dəhlizi ətrafında aparılan müzakirələr fonunda daha qabarıq şəkildə özünü göstərir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizinin açılması həm Azərbaycanın, həm də regionun ümumi inkişafına xidmət edir və bu proses heç bir dövlətin ərazi bütövlüyünə təhdid yaratmır.

Bunun əksinə olaraq, İran rəsmiləri Ermənistanla birgə strateji sənədlər hazırlamaqdan, münasibətləri “təbii müttəfiqlik” səviyyəsinə qaldırmaqdan danışır və 2025-ci ilin yayında İran prezidentinin Ermənistana səfərinə hazırlıq görüldüyünü bildirirlər. Bu kontekstdə Tehran İrəvana təkcə siyasi deyil, iqtisadi və təhlükəsizlik baxımından da strateji dəstək göstərməyə çalışır.

Azərbaycan ictimaiyyəti və ekspert çevrələri İranın bu cür mövqeyini regionda sabitliyə, sülh prosesinə və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı maraqlarına qarşı yönəlmiş açıq təhdid kimi dəyərləndirir. Tehran anlamalıdır ki, Sünik bölgəsində reallaşacaq kommunikasiya layihələri Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində tənzimlənir və üçüncü tərəflərin bu proseslərə müdaxiləsi qəbulolunmazdır.

Məsələ ilə bağlı rəsmi Bakının diplomatik kanallar vasitəsilə mövqeyini açıqlayacağı gözlənilir. Azərbaycanın strateji maraqlarına qarşı istənilən cəhd, xüsusilə də regionda geosiyasi gərginlik yaratmağa hesablanmış ritorika növbəti dəfə sübut edir ki, Tehran bölgədə neytral vasitəçi yox, tərəf tutan aktor kimi çıxış edir. Bu isə İranın Cənubi Qafqaz siyasətinə olan inamı və etibarı daha da zəiflədir.


Geri qayıt