Əsas Səhifə > Güney Press > Rusiya və İran özlərini havayı yorur
Rusiya və İran özlərini havayı yorurDünən, 12:22 |
Türkiyə Suriya Prezidenti Əhməd əş-Şaraya dəstəyini davam etdirəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan bildirib ki, Əhməd əş-Şaranı Suriyada tək qoymamaqda qərarlıdır: "Suriyanın parçalanmasını istəmirik, Suriyanın bərpasını ölkəmiz üçün müsbət amil kimi görürük. Çünki Suriyanın bərpası onun bizimlə münasibətlərinə də müsbət təsir göstərəcək. Türkiyə suriyalı qaçqınların vətənlərinə qayıtmasını asanlaşdırmağa davam edəcək.
Bizimlə birlikdə olan suriyalıların öz ölkələrinə könüllü dönüşünün başladığını görürük. Suriyalı qaçqınların öz vətənlərinə qayıtması qonşu ölkədə sabitliyə töhfə verəcək. Qayıdış prosesini sürətləndirməklə, Suriyadakı vəziyyətin tez bir zamanda normala dönməsini və cənubumuzun təhlükəsizliyini təmin etməyimizi istəyirik". Xatırladaq ki, Türkiyə xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub. Nazirlər Suriyadakı son gedişatı müzakirə ediblər.
Təhlükəsizlik üzrə ekspert İlqar Altay deyib ki, Suriyadakı Əsəd rejimi Rusiya və İrana xidməti üzrə illərlə qonşu Türkiyə, İsrail, ərəb dövlətləri və təbii, ABŞ, Avropa mənafeyi üçün problemli düyün nöqtəsi idi. Ekspertin sözlərinə görə, bu düyünün açılması və Əsəd rejiminin ləğvində də həmin dövlətlərin xüsusi dəstəyi oldu:
"Yeni Suriya hakimiyyəti həmin dövlətlərə minnətdarlıq etdiyinə görə Suriya onlarla dost və əməkdaş olmalıdır. Suriyada günlərdir davam edən etnik qarşıdurma və xaos həddinin aradan qaldırılması məhz Suriya hökumətini dəstəkləyən həmin ölkələrin məsələyə müdaxiləsi ilə mümkün oldu. Ancaq bunu da qeyd etmək lazımdır ki, region üçün vacib olan atəşkəsdə Türkiyənin suriyalılara təsir imkanı, Suriya hakimiyyətinə yaxın olması xüsusi rol oynadı. Suriyanı uduzan Rusiya və İran təbii ki, bu ölkədə etnik və s. mənşəli nifaq və qarışıqlıq salıb, Suriya hakimiyyətini zəiflətməkdə maraqlıdır. Lakin budəfəki cəhdləri baş tutmadı. Göründüyü kimi Suriyanın yeni hökuməti demokratik inkişafa dəstəkçi olmuş qonşuları ilə qarşılıqlı münasibətə son vermək niyyətində deyil. Rusiya və İran özlərini havayı yorur. Türkiyə və İsrail arasında nə Suriya, nə də Fələstin məsələsinə görə müharibə başlatmaq qeyri-mümkündür. Türkiyə NATO-nun, Qərbin düz özəyindədir. Elə İsrail də faktiki olaraq Qərbin himayəsindədir. Tərəflər arasındakı sərt ritorika sadəcə siyasətdir. Əks halda Təl-Əviv və Ankara hər ikisinə çox yaxın olan Azərbaycandan çoxdan küsərdilər".
Geri qayıt |