Əsas Səhifə > Güney Press > “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?”
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?”Dünən, 12:03 |
“Müəyyən bir yaş həddindən sonra müəllimlərin sertifikasiyaya cəlb olunmasını düzgün saymıram. Məncə, bu proses üçün yaş həddi müəyyənləşdirilməlidir. Məsələn, bir insanın 55, 57 və ya 60 yaşı varsa, bu yaşda yenidən imtahanlara hazırlaşmaq və bu mərhələdən keçmək kifayət qədər çətindir”. Bunu Gununsesi.info -ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib: “Əgər həmin şəxs uzun illər müəllim kimi fəaliyyət göstəribsə, o zaman onlara müəyyən güzəştlər tətbiq olunmalıdır. Mən bu təklifi dəfələrlə səsləndirmişəm. Bununla belə, ümumilikdə Təhsil Nazirliyinin sertifikatlaşdırma siyasətini pis hesab etmirəm. Mən bu yanaşmanı bəyənirəm. Çünki biz bu məsələni gündəmə gətirəndə belə bir sual verilmişdi: “Sən istəyərsənmi ki, övladına savadsız bir müəllim dərs desin?” Əlbəttə, təhsildə, diplom verilməsində, müəllimlərin təyin olunmasında və ümumi qaydalarda keçmişdə boşluqlar olub. Bu da müəllimlər arasında müəyyən bir arxayınlıq yaradıb. İndi isə tələblər dəyişib və bu tələblərin hamısına əməl etmək bəzən mümkün olmur”. Deputat vurğulayıb ki, uzun illər işləyən müəllimləri əmək haqqından məhrum edib işdən çıxarmaq düzgün deyil. “Bu problem yalnız müəllimlərə aid deyil. Ümumiyyətlə, hər hansı bir sahədə işləyən şəxs işdən azad olunursa, ona alternativ imkan təqdim olunmalıdır. Oxumuşdum ki, Təhsil Nazirliyi özü də bunu etiraf edir və müəyyən alternativlər təklif etdiyini bildirir. Amma mənə çoxlu müraciətlər daxil olub ki, onlara heç bir alternativ təqdim olunmayıb. Əgər bir müəllim sertifikasiyadan keçə bilməyibsə və işsiz qalıbsa, onun ailəsini necə dolandıracağı ciddi sual doğurur. Bu vəziyyət sosial narazılığa səbəb olur. Ona görə də belə şəxslərə mütləq şəkildə alternativ iş imkanları yaradılmalıdır ki, nə özləri, nə də ailələri çıxılmaz vəziyyətdə qalmasın”. Geri qayıt |