Əsas Səhifə > Güney Press > “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır”

“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır”


Bu gün, 11:55

Şuşa şəhərində keçirilən III Qlobal Media Forumu dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. 50-dən çox ölkədən 150-dən artıq nüfuzlu media nümayəndəsinin iştirak etdiyi tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir informasiya mühitində medianın roluna, çağırışlara və qlobal əməkdaşlıq zərurətinə dair mühüm fikirlər səsləndirdi. Dövlət başçısının çıxışı həm regional, həm də beynəlxalq səviyyədə informasiya təhlükəsizliyi, media etikası və süni intellektin yaratdığı yeni reallıqlarla bağlı strateji baxış kimi dəyərləndirildi.
Prezident İlham Əliyev çıxışında Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, artıq qlobal media dialoqu üçün də önəmli məkana çevrildiyini vurğuladı. O qeyd etdi ki, Azərbaycanın 2020-ci ildə qazandığı Zəfərdən sonra bölgədə yaranmış yeni reallıqlar informasiya cəbhəsində də əks olunur. Ermənistanın dezinformasiya və saxta təbliğat kampaniyalarına qarşı Azərbaycanın apardığı mübarizə göstərdi ki, müasir dövrdə təkcə hərbi deyil, informasiya müstəvisində də güclü olmaq zəruridir.
Prezident bildirdi ki, bu gün dünya informasiya məkanında ciddi təhdidlərlə üz-üzədir: “Dezinformasiya, saxta xəbərlər və manipulyasiya cəhdləri təkcə ictimai rəyi çaşdırmır, eyni zamanda beynəlxalq münasibətlərə və təhlükəsizliyə də təsir edir. Ona görə də media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır.” Dövlət başçısı media nümayəndələrini bu məsələlərə daha məsuliyyətli və prinsipial yanaşmağa çağırdı.
Prezident İlham Əliyev çıxışında süni intellektin sürətlə yayılması ilə bağlı yeni təhlükələrə də toxundu. O qeyd etdi ki, süni intellekt texnologiyalarının informasiya istehsalında və yayımında istifadə olunması media məkanında həm imkanlar, həm də ciddi risklər yaradır. “Əgər bu texnologiyalar qərəzli məqsədlərlə və etik normalara uyğun olmayan şəkildə istifadə edilərsə, cəmiyyətlərdə böyük çaşqınlıq və gərginlik yarana bilər,” – deyə Prezident bildirdi. Bu səbəbdən dövlət başçısı beynəlxalq miqyasda süni intellektin media sahəsində tətbiqinə dair vahid etik və hüquqi mexanizmlərin hazırlanmasının vacibliyini vurğuladı.
Forum çərçivəsində Prezident İlham Əliyev həmçinin medianın beynəlxalq münasibətlərə təsir imkanları barədə danışdı. O qeyd etdi ki, son illər Azərbaycanın üzləşdiyi ikili standartlar və qərəzli yanaşmalar medianın sülhə deyil, bəzən qarşıdurmalara xidmət edir. Buna baxmayaraq, Azərbaycan daim ədalət, obyektivlik və beynəlxalq hüquqa əsaslanan mövqe tutub. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın informasiya siyasəti bu prinsiplər üzərində qurulub və gələcəkdə də eyni xətt davam etdiriləcək.
“Azərbaycan sülh istəyir, amma bu sülh birtərəfli ola bilməz. Biz informasiya cəbhəsində də sülhə və ədalətə çağırırıq. Media bu istiqamətdə körpü rolunu oynamalıdır,” – deyə Prezident çıxışında vurğuladı. O əlavə etdi ki, informasiya savaşlarının qarşısını yalnız əməkdaşlıq, qarşılıqlı hörmət və peşəkar media mühitinin formalaşdırılması yolu ilə almaq mümkündür.
Prezident İlham Əliyev çıxışının sonunda III Şuşa Qlobal Media Forumunun əhəmiyyətini yüksək qiymətləndirərək, belə tədbirlərin beynəlxalq medianın bir araya gəlməsi, təcrübə mübadiləsi aparması və birgə həll yolları tapması üçün vacib platforma olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan bu cür forumların təşkili ilə qlobal informasiya gündəminə töhfə verir və medianın gələcək inkişafı üçün fəal rol oynayır.
Forum iştirakçıları Prezidentin çıxışını böyük maraqla qarşılayıb, xüsusilə informasiya təhlükəsizliyi və media etikası sahəsində çağırışlarını yüksək dəyərləndiriblər. Prezident İlham Əliyevin Şuşadan dünyaya ünvanladığı bu strateji mesajlar, informasiya dövrünün mürəkkəb reallıqları fonunda medianın missiyasına dair aydın və gələcəyə yönəlik mövqedir.

Nizami Rəsulov,
Denaz.tv və Den.az informasiya agentliyinin təsisçisi və baş direktoru



Geri qayıt