Əsas Səhifə > Güney Press > Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu

Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu


Bu gün, 11:29

Yasamal Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İqbal Habilovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə bu il paytaxtın Yasamal rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, İqbal Habilov 8 ilə yaxın qeyri-rəsmi olaraq birgə yaşadığı zərərçəkmiş İnarə Məmmədova (adı, soyadı şərtidir) ilə şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib. Bu zaman o, qadının sol göz nahiyəsindən qəsdən yumruq zərbəsi ilə vuraraq, onun sağlamlığına yüngül zərər yetirib.


Hadisədən sonra İqbal Habilov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Zərərçəkmiş məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini bildirib və İqbalın barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş edib.


Geri qayıt