Əsas Səhifə > Güney Press > Paşinyanın “Vatikana yürüşü”

Paşinyanın “Vatikana yürüşü”


Bu gün, 10:48

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” (VM) partiyasının üzvləri arasında Baş nazir Nikol Paşinyanın kilsəyə qarşı addımlar atmaq ehtimalı ciddi narahatlıq yaradıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşrinin yazdığına görə, partiyanın bir çox üzvü dua edir ki, Paşinyan “Eçmiədzinə yürüş” planından möcüzə nəticəsində əl çəksin və onları da məcburən küçələrə çıxmaq, “Müqəddəs Eçmiədzin”i ələ keçirmək kimi vəziyyətə salmasın.

Qeyd olunur ki, Paşinyan bir gün öncə verdiyi sərt açıqlamada bildirib:

“Ktrij Nersisyan kilsəni tərk etməlidir. Dualı olun, oruclu olun və Eçmiədzin mərkəzi meydanında baş tutacaq böyük mənəvi görüşə hazırlaşın”.

Erməni siyasi şərhçilər bunu Paşinyanın şəxsən rəhbərlik edəcəyi bir yürüş kimi qiymətləndirir. Bildirilir ki, bu addım, əslində, katolikos II Qareginin devrilməsindən çox Paşinyanın öz komandası üçün bir loyal testidir, yəni onun hələ də xalq dəstəyinə sahib olub-olmadığını və 2026-cı ildə özünü yenidən hakimiyyətdə saxlamaq imkanlarını yoxlamaq istəyir.

Mənbə yazır ki, VM partiyasının “sağlam düşüncəli qanadı” Paşinyanın bu qədər irəli gedəcəyinə inanmır. Onlardan biri mediaya açıqlamasında deyib:

“Nikol Paşinyan özü də yaxşı bilir ki, Kilsənin dəstəkçiləri onun əlindəki resurslardan dəfələrlə çoxdur. Hətta bütün büdcə və inzibati resurslar əlində olsa belə…”

Həmin şəxsin fikrincə, Paşinyanın bu açıqlaması ictimaiyyətin diqqətini yayındırmağa yönəlib, xüsusilə də Ermənistanın təhlükəsizliyi ortaya çıxan proseslərdən sonra. Erməni cəmiyyətində isə artıq hakimiyyətin kilsəyə qarşı açıq təzyiqlərə başlaya biləcəyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Ekspertlər bildirirlər ki, bu, Paşinyanın həm daxili, həm də xarici siyasi kursunun daha da sərtləşdiyini göstərir.


Geri qayıt