Əsas Səhifə > Güney Press > Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu

Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu


Dünən, 09:43

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əhəmiyyətli beynəlxalq tədbirlər təşkil olunur. Artıq 3-cü ildir keçirilən Şuşa Qlobal Media Forumu da dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilib.
Bu Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu qatılıb. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunan 3-cü Forumun iştirakçıları Xankəndidə süni intellektin xəbər istehsalı və yayımındakı artan rolu, cəmiyyətin düzgün informasiya ilə təmin olunmasında media savadlılığının əhəmiyyətinə dair müzakirələr aparırlar. Beləliklə, tarixi Azərbaycan şəhəri Şuşa kimi Xankəndi də qlobal media məsələlərinin müzakirə olunduğu məkana çevrilib. Bu Forum, eyni zamanda, Xankəndi başda olmaqla bütövlükdə Qarabağın zəngin mədəni irsinin dünyaya təqdimatıdır.
Budəfəki Forumda da Prezident İlham Əliyev beynəlxalq media nümayəndələrinin suallarını cavablandırdı. Sualların xarakterindən aydın oldu ki, beynəlxalq media mənsublarını həm Cənubi Qafqazda gedən geosiyasi proseslər, eyni zamanda, qlobal dünya gündəmini əhatə edən mövzular maraqlandırır. Habelə 30 illik işğala öz iradəsi və qətiyyəti ilə son qoyan qalib Azərbaycanın təcrübəsi xüsusi maraqla qarşılanır. Azərbaycan Prezidentinin qlobal siyasi lider kimi təcrübəsi də beynəlxalq medianın diqqət yetirdiyi əsas məsələlərdən biridir. Bu gün işğaldan əziyyət çəkən ölkələrin jurnalistləri Azərbaycan Prezidentindən uğur formulunu, siyasətin təməl prinsiplərini soruşurlar. Bu formul isə milli maraqların müdafiəsi, xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etməkdən ibarətdir. Bu, dövlətimizin başçısının qlobal siyasi Lider kimi nüfuzundan, Azərbaycanın bütün məsələlərə beynəlxalq hüquq və ədalət prinsiplərindən yanaşdığını bir daha təsdiqləyir.
Digər tədbirlərdə olduğu kimi, 3-cü Şuşa Qlobal Forumunda da Prezident İlham Əliyevin çıxışında, tədbir iştirakçılarının suallarına cavabında səsləndiyi hər bir fikir bugünümüzə və gələcəyimizə, qlobal problemlərin həllində birgə səylərə, əməkdaşlığa çağırışdır. İstər 30 illik işğal, istərsə də postmünaqişə dövrünün reallıqlarının təbliği üçün geniş imkanlar yaradan Forumda jurnalistin “Siz qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualına cavabında dövlət başçısı İlham Əliyev bildirdi ki, heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük.
Azərbaycan dövlətinin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz oldu. Heç vaxt işğalla barışmayacaq, bir qarış torpağımız belə düşmənə verilməyəcək, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Ədalətə və beynəlxalq hüquqa söykənən bu kimi bəyanatları xeyli sayda sadalamaq olar. Azərbaycan xalqı tam əmin idi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunacaq. Elə də oldu.
Prezident İlham Əliyev tarixi Zəfərə, suverenliyimizin bərpasına qədər keçilən yolu təhlil əsasında bir daha bu çağırışı etdi ki, heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq lazımdır. Bizim Qələbəmiz, ədalətli və tam qələbədir. Göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

"DİA-AZ"


Geri qayıt