Əsas Səhifə > Güney Press > ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır?

ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır?


Bu gün, 11:03

“Cəmi 32 kilometrlik yolun üstündə illərdir dava edirlər. Amerika gəlir və deyir: bu yolu yüz illiyinə bizə icarəyə verin, qoy hamı istifadə eləsin”, - ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak 11 iyul tarixində Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən belə deyib.

Bu açıqlama sözün əsl mənasında informasiya bombasına çevrildi. ABŞ rəsmisi ilk dəfədir ki, təkcə mövqe bildirməklə kifayətlənmir, açıq-açığına Zəngəzur dəhlizinin - Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirən həyati əhəmiyyətli marşrutun - Amerikanın nəzarətinə verilməsini təklif edir.

Rəsmi İrəvan dünya ictimaiyyətinə ərazi bütövlüyü prinsipinə sadiq qaldığını bəyan etdikcə, arxa planda tamam başqa proseslər baş verir. Məsələn, Ermənistanın keçmiş ətraf mühit naziri Akop Simidyan ABŞ kapitallı yeni bir şirkət yaradıb. Erməni mediası da bu faktın üzərindən səssiz ötüşməyib və iddia edir ki, Zəngəzur dəhlizinin idarəetməsi məhz bu şirkətə verilə bilər.

Region üzrə təhlükəsizlik məsələləri üzrə ekspert Vahan Avetisyan “Armenian News” portalına açıqlamasında bildirib: “ABŞ Barak vasitəsilə mesaj verir: əgər Rusiya və İran bu tənlikdən çıxarılarsa, regionda arbitr rolunu üzərinə götürməyə hazırdır. Simidyanın yaratdığı şirkət isə bu böyük geosiyasi oyunun üzərindəki pərdə ola bilər”.

Yəni İrəvan hələlik rəsmi olmasa da, Zəngəzur dəhlizini artıq yeni geopolitik reallıqların tərkib hissəsinə çevirməyə hazırlaşır. Artıq sual “layihə olacaq, ya yox?” deyil, “nəzarət kimdə olacaq?” sualıdır.

Söhbət adi diplomatdan getmir. Tomas Barak dünyanın ən iri daşınmaz əmlak investorudur, “Fortune” jurnalına görə milyarderlər siyahısında yer alır, ABŞ prezidenti Donald Trampın uzunillik biznes tərəfdaşı və siyasi silahdaşıdır. Elə məşhur Plaza otelini 1988-ci ildə məhz Barak Trampa satmışdı. 2016-cı ildə isə onun seçki kampaniyasının iri donor qrupuna rəhbərlik etmişdi.

Analitiklər hesab edir ki, Barakın açıqlaması təsadüfi deyil. Bu, sadəcə fikir izharı s ayılmamalıdır: Barakın açıqlaması mümkün bir sövdələşmədir. Tramp isə sövdələşmələri sevir.

Doğrudur, hələlik bu təklifə rəsmi Ağ Evdən reaksiya yoxdur. Amma ABŞ prezidenti Tramp 14 iyul tarixində NATO baş katibi Mark Ryutte ilə görüşdə deyib: “Azərbaycanla Ermənistan arasında sülh prosesi uğurla sona yaxınlaşır. Biz regionda sabitliyi dəstəkləməyə hazırıq”.

Bəs Ermənistan nə düşünür?

İrəvanda Barakın təklifinə rəğbət göstərilmədi. Baş nazir Nikol Paşinyan, nə qədər ki, marşrut layihəsini tam rədd etmir, bir məsələdə birmənalı danışır: “Ermənistan Respublikasının heç bir ərazisi suverenlik və yurisdiksiyadan kənarda ola bilməz”.

Fəqət Ermənistan XİN rəhbərinin müavini Mnatsakan Safaryan daha elastik danışıb: “Əgər təklif Ermənistanın maraqlarına uyğundursa, onu nəzərdən keçirmək olar. Hər şey şərtlərdən asılıdır”.

Bu açıqlama isə istisnasız olaraq siyasi kulislərdə dalğalanma yaradıb. Erməni media resurslarının yaydığı məlumata görə, keçmiş ekologiya naziri Simidyan (o, iyun ayında vəzifədən azad olunub) ABŞ kapitallı şirkət təsis edib - və güman olunur ki, məhz həmin şirkətə Zəngəzur dəhlizinin idarəetməsi verilə bilər. Təsadüfdürmü? Çətin.

Rusiya bu ideyanı açıq təxribat kimi qiymətləndirib. Çünki 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizinin təhlükəsizliyini məhz Rusiyanın xüsusi xidmət orqanları təmin etməlidir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu məsələni bir daha vurğulayıb: “Əgər layihə gerçəkləşsə, Sünik üzərindən keçən yolun təhlükəsizliyinə nəzarət Rusiyaya məxsus strukturlarda qalacaq”.

Bütün bu fon qarşısında Barakın təklifi aydın şəkildə bir şeyə işarə edir: ABŞ Moskvanı İrandan Qafqaza uzanan ən strateji tranzit xəttdən sıxışdırıb çıxarmaq istəyir. Vaşinqton çox gözəl anlayır ki, bu dəhlizə nəzarət - Avrasiya logistikası üzərində təsir deməkdir.

"Amerikanın planı niyə işləməyəcək?" sualına cavab verməyə çalışaq.

Birinci səbəb - Ermənistan guya "suverenliyindən keçmək istəmir". Paşinyan və onun diplomatik komandası dəfələrlə bəyan ediblər: “Xarici dövlətlərin Ermənistan ərazisində inzibati səlahiyyətlərə malik olması mümkün deyil”.

İkinci səbəb - Azərbaycan vasitəçi axtarmır. Bakı dəfələrlə açıq deyib: bizə üçüncü ölkələrin iştirakı deyil, Naxçıvana problemsiz quru çıxış lazımdır. Yəni bu, Azərbaycanın daxili nəqliyyat məsələsidir.

Üçüncü səbəb - Türkiyənin xəbəri yoxdur. Halbuki, Ankara bu layihənin mühüm iştirakçısıdır. Ərdoğan administrasiyasından bildirilib: “Bizim heç bir dövlət qurumumuza ABŞ-dan bu istiqamətdə rəsmi təklif daxil olmayıb”.

Dördüncü səbəb - Rusiya hələ də formal zəmanətçi statusundadır. 2020-ci il razılaşması hüquqi baxımdan qüvvədədir və onu tərəflərin razılığı olmadan dəyişmək mümkün deyil.

Beləliklə, ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən olan milyarderin səsləndirdiyi təşəbbüs reallıqdan çox, uzaqgörən geosiyasi mesaj effekti yaradır. Vaşinqton bir daha göstərmək istəyir ki, Cənubi Qafqazda onun da oyuna daxil olmaq planları var. Amma bu planlar nə qədər realistdir? İndiki şərtlərlə - çox az ehtimalla. Çünki bu bölgədə oyun qaydalarını hələlik Bakı, Ankara və Moskva yazır. Vaşinqtonunsa həmin oyunda hələlik sadəcə izləyici statusu var.

Bəs Tomas Barak bu mövzunu niyə gündəmə gətirdi? Cavab açıqdır: Vaşinqton Cənubi Qafqazda yeni geosiyasi düzən qurmağa çalışır. Bayden administrasiyasının regionda tam iflasa uğramasından sonra ABŞ bu arenaya təzədən və daha iddialı qayıdış üçün fürsət axtarır. Bakı ilə münasibətlər soyuyub, Tbilisi ilə bağlar qopub, İrəvana isə arxalanmaq təhlükəlidir. Belə bir vaxtda Zəngəzur göydəndüşmə fürsət kimi görünür.

Analitiklərin fikrincə, ABŞ Rusiya, İran, Türkiyə və Azərbaycan arasındakı ziddiyyətlərdən yararlanmağa çalışır. Zəngəzur üzərində nəzarət onlar üçün Suveyş kanalına nəzarətlə eyni dərəcədə strateji ola bilər.

Zəngəzur dəhlizinin ABŞ-yə “icarəyə verilməsi” kimi ssenarinin yaxın zamanlarda reallaşacağı inandırıcı deyil. Amma belə bir ideyanın səfir səviyyəsində dilə gətirilməsi artıq çox şeyi deyir. Bu, sadəcə siyasi mesaj deyil - bu, ABŞ-nin regionda yenidən oyuna qatılmaq niyyətinin bəyanıdır.

Bir diplomatik mənbə bu vəziyyəti belə izah edib: “Əgər kimsə bir torpağı yüz il müddətinə icarəyə istəyirsə, deməli, o ərazi onun üçün strateji sərvətdir”.

İrəvan tərəddüd içindədir, Bakı diqqətlə müşahidə edir, Moskva bəyanatlar verir, amma Vaşinqton artıq hərəkətə keçib. Barakın səsləndirdiyi təşəbbüs bu oyunun ilk real addımı oldu - özü də kifayət qədər gur səslənən addım.

Zəngəzur dəhlizi bu gün artıq sadəcə bir yol deyil - Avrasiyanın geoiqtisadi transformasiyasının sinir nöqtəsi, Cənubi Qafqazdakı yeni düzənin mərkəzi halqasıdır. Onun gələcəyi artıq təkcə Bakı ilə İrəvan arasındakı diplomatik masa arxasında müzakirə olunmur. Bu marşrut qlobal güclərin maraqlarının toqquşduğu strateji cəbhəyə çevrilib. Hər bir aktor - ABŞ, Rusiya, Türkiyə, İran və başqaları - buraya öz nəzarət formulunu, təsir mexanizmini və iqtisadi dividendlərini daxil etməyə çalışır.

Vaşinqton Zəngəzurun Şərqlə Qərbi birləşdirəcək logistik “nəfəs borusu” olduğunu anlayır və təkcə layihə deyil, bütöv regional arxitekturanı yenidən qurmaq təklifi ilə çıxış edir. Rusiya və İranın təsir imkanlarının zəiflədiyi, postsovet təhlükəsizlik modelinin dağılmağa başladığı bir vaxtda ABŞ bu bölgəyə yeni qaydalar tətbiq etməyə çalışır. Məqsəd - Moskva və Tehrandan asılılığı minimuma endirmək və Qərbin nəzarətində olan yeni iqtisadi əlaqələr qurmaqdır.

Bu mənzərədə Ermənistan tarixi seçim qarşısındadır: ya keçmişin kölgəsində qalacaq və Rusiya asılılığını davam etdirəcək, ya da yeni reallığa adaptasiya olub beynəlxalq layihələrin tamhüquqlu iştirakçısına çevriləcək. Bu səbəbdən Zəngəzur marşrutunun gələcək statusu ilə bağlı real müzakirələr qapalı kabinetlərdə aparılır, açıq bəyanatlarda isə konkretlik yoxdur. İrəvan çox gözəl bilir: danışığın qiyməti böyükdür, vaxtından əvvəl söz vermək olmaz.

Rusiya üçünsə məsələ aydındır: bu marşruta istənilən formada nəzarətin itirilməsi - strateji məğlubiyyət deməkdir. ABŞ, Türkiyə və ola bilsin ki, Avropa ölkələrinin də iştirakı ilə yaradılacaq beynəlxalq konsorsiumda Moskva yer almırsa, bu, Kremlin Cənubi Qafqazdakı mövqelərinin sıradan çıxması anlamına gəlir. Bu halda Rusiya təkcə logistik xətləri yox, həm də İrəvan və Bakı üzərindəki təzyiq alətlərini itirir.

Zəngəzur dəhlizinin İran üçün açılması da Tehranın canını sıxan məsələdir. Uzun illərdir özünü regionun əsas tranzit mərkəzi kimi təqdim etməyə çalışan İran indi reallıqla üz-üzədir: yeni nəqliyyat xətləri onun rolunu zəiflədir. Həm Azərbaycan-Naxçıvan əlaqələrində, həm də gələcəkdə Orta Asiya və Çinlə qurulacaq marşrutlarda İranın çəkisi azalır. Amma ölkə daxilindəki siyasi-iqtisadi böhran, İsraillə gərginlik və sanksiya təzyiqləri fonunda Tehran bu prosesə ciddi reaksiya verə bilmir.

Bu zaman səhnəyə çıxan Türkiyə isə bölgənin yeni “memarı” roluna iddialıdır. Ankara Zəngəzur dəhlizinin açılmasını açıq şəkildə dəstəkləyir və onun beynəlxalq hüquqi-institusional çərçivəyə salınmasını istəyir. Bu, yalnız iqtisadi məsələ deyil - bu, geosiyasi strategiyadır. Türkiyə Cənubi Qafqazı özünün uzunmüddətli nəqliyyat, enerji və təsir strategiyasına daxil etmək istəyir - özü də ABŞ-la paralel xətt üzrə. Belə bir ortaq iştirak Rusiyaya alternativ deyil, tamamilə yeni nizamın qurulması, köhnə sistemin isə sökülməsidir.

Təsadüfi deyil ki, Cənubi Qafqaz bu gün ABŞ-nin Avrasiya periferiyasında real geosiyasi uğur qazana biləcəyi yeganə məkan olaraq qalır. Şərqi Avropa, Yaxın Şərq və Orta Asiyadakı uğursuzluqlar fonunda Vaşinqton burada nəticə göstərmək niyyətindədir: münaqişənin deeskalasiyası, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və dayanıqlı inkişaf. Tramp administrasiyası üçün bu həm seçkiöncəsi uğur vitrinidir, həm də İranla sərhəd, Rusiyaya yaxın zonada strateji dayaq nöqtəsi.

Moskvanın təpkisi gözləniləndir. Kremlin təzyiq alətləri dəyişmir: azərbaycanlı diaspor vasitəsilə manipulyasiya cəhdləri, Ermənistanda ictimai rəyə təsir planları, xüsusi xidmətlərin fəallaşması, qorxu və miflərə oyun... Amma bunların artıq əvvəlki təsiri yoxdur. Yeni elitalar - istər Ermənistanda, istərsə də Azərbaycanda - postsovet asılılıq sindromundan çıxıblar. Onlar üçün beynəlxalq iqtisadi zəncirlərə inteqrasiya, reallığa əsaslanan fayda prinsipi, boş vədlərdən üstündür.

Nəsil dəyişir, strateji prioritetlər yenilənir, yeni oyunçular və formatlar meydana çıxır.

Bu da o deməkdir ki, Cənubi Qafqazın Rusiya mərkəzli dövrü sona çatır. Zəngəzur dəhlizi artıq sadəcə bir yol deyil.

O, yeni reallığın simvoludur: Azərbaycan geosiyasətin obyekti yox, subyekti olur. Ermənistan proseslərin girovu yox, iştirakçısıdır. Türkiyə və ABŞ isə bölgənin yeni strateji kuratorlarıdır.

Köhnə düzən çökür. Yeni düzən isə qapıdadır.

Bu gün Zəngəzurun taleyini kim müəyyən edirsə, sabah bütöv postsovet məkanının qüvvələr balansını da o formalaşdıracaq.

Elçin Alıoğlu - Trend

Geri qayıt