“Vergilər” qəzetinə məxsus “vergiler.az” saytında yerləşdirilən şirkətin ləğv olunması ilə bağlı elanda maraqlı “ünvan” göstərilib. Yeniavaz.com xəbər verir ki, ötən gün saytda yerləşdirilən elanda “Ramil-92” kiçik müəssisəsinin (VÖEN – 2901298931) ləğv olunduğu və kreditorlardan iki ay ərzində tələblərini “AZ5000 Sumqayıt şəhəri, Niyazi küçəsi 1, Elmar marketin yaxınlığı” qeyri-yaşayış ünvanına bildirmələri istənilib.
 Qeyd edək ki, şirkətlərin (hüquqi şəxs) ləğv olunması ilə bağlı elan rəsmi sənəd hesab olunur. Belə ki, hüquqi şəxsin ləğv edilməsi proseduru Mülki Məcəllənin və Vergi Məcəlləsinin müddəaları, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun və “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” ilə tənzimlənir. Qanunvericiliyin tələbinə görə, tələb olunan sənədlər arasında hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti (60 gündən az ola bilməz) haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd də olmalıdır. Onu da bildirək ki, “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanının 4.2-ci maddəsində açıq şəkildə yazılır ki, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidir. Ekspertlər isə bildirirlər ki, rəsmi sənədlərdə yer alan ünvanlara “yaxınlığı”, “arxası”, “qarşısı” kimi qeyri-dəqiq təsvirlər əlavə etmək hüquqi qeyri-müəyyənlik yarada, kreditorların rəsmi yazışmalarını çətinləşdirə və nəticədə hüquqi mübahisələrə səbəb ola bilər.
Geri qayıt
|