Əsas Səhifə > Güney Press > Milli Məclisdə məmurlara etiraz:

Milli Məclisdə məmurlara etiraz:


Dünən, 15:58

Bu gün Milli Məclisin növbədənkənar sessiya çərçivəsində son iclası keçirilib. Gündəliyinə 13 məsələ daxil edilən iclasda əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlərini səsləndiriblər.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında Ümimmilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər təyin olunmasının növbəti ildönümündən danışıb. Spiker bildirib ki, Azərbaycan artıq dünyanın geniş coğrafiyasında söz sahibi olan dövlətə çevrilib: “Ümummilli liderin başladığı tarixi missiyasını cənab Prezident İlham Əliyev davam etdirir. Prezidentin siyasəti indiyə qədər olduğu kimi, qarşıdakı dövrlərdə də Azərbaycan dövlətinə və xalqına uğurlar gətirəcək".

“Kreslosuna çatar-çatmaz “qılıncını” çəkib düşür işçilərin üstünə ki...”

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev çıxışında məmurları tənqid edib. Millət vəkilinin sözlərinə görə, elə hallar olur ki, vəzifəyə yeni təyin olunan məmur kreslosuna çatar-çatmaz “qılıncını” çəkib düşür işçilərin üstünə ki, ərizəni yaz, səninlə işləyə bilməyəcəyik: “Ədalət naminə deməliyəm ki, hər məmur belə deyil, amma belələri var. Pensiya yaşına çatmağa az qalmış dövlət qulluqçusunun işdən çıxarılmasına cəhdlər də olur. Onlar hamıya oğru kimi baxırlar. Qanun pozuntusuna yol verən şəxslərin işinə xitam verilməsi başa düşüləndir. Toxunduğum məsələ isə əsas vəzifə postlarının boşaldılmasına məcburetmə və ətraflarına dostlarının, yaxınlarının yığılmasıdır. Bu qəbuledilməzdir və belə hallara birdəfəlik son qoyulmalıdır. Bu narahatlığımızı nəzərə alaraq, bu işlərə nəzarət etmək və təkliflər hazırlamaq üçün parlament komissiyasının yaradılması imkanlarının nəzərdən keçirilməsini xahiş edirəm”.

“Adam pensiya yaşına çatmasına bir neçə ay qalıb və rəhmətə gedir, yaxınları isə bu puldan məhrum olurlar”

“Dəfn müavinətinin verilməsi məsələsinə də toxunmaq istəyirəm. Dördüncü dəfə olacaq ki, dəfn müavinətinin verilməsi ilə bağlı məsələni seçicilərimin istəyi ilə qaldırıram. Bu müavinət işləyən və pensiya yaşına çatmış şəxslərə verilir. Elə olur ki, adam pensiya yaşına çatmasına bir neçə ay qalıb və rəhmətə gedir, yaxınları isə bu puldan məhrum olurlar. Bir neçə il öncə bu məsələni qaldıran zaman məlumat verilmişdi ki, haqlı məsələdir, əsaslı və müsbət yöndə həlli üçün addımlar atılır. Xahiş edirəm ki, məsələnin indiki durumu ilə bağlı məlumat verilsin və müsbət həlli yönündə proseslər sürətləndirilsin”, deyə qeyd edib.

Nurullayev deputat kimi təmsil etdiyi İmişlidə əksər yas məclislərində ondan ölüm haqqında şəhadətamənin alınması ilə bağlı kömək istənildiyini bildirib: “Prosedurlar qanun çərçivəsində mürəkkəbləşdirilib və tələblər yüksəlib. Amma qəbul etməliyik ki, bizim yas mərasimlərimiz daha çox adət-ənənəyə və mental dəyərlərimizə söykənir. Xəstəxanada xəstə kimi qeydiyyatda olmayana, təcili yardım çağırmayana da ölüm kağızı verilmir. Təyin olunmuş qısa müddət ərzində dəfn pulu üçün müraciət etməyənə də verilmir və hamısı məhkəməyə yönləndirilir”.

Deputat xatırladıb ki, yaxınını itirmiş ailənin başı minimum 7-10 gün qarışır: “Həmin vaxt hüquqi prosedurlar yadına belə düşmür. Məhkəməyə getmək üçün də 101 manat ödəniş olmalıdır. Gedir məhkəməyə, məhkəmə də deyir ki, get icra nümayəndəsindən arayış gətir. Əvvəl icra nümayəndəsinin arayışı ilə məsələ asanlıqla həllini tapırdı. Əgər məhkəmə icra nümayəndəsinin arayışı ilə iddianı həll edirsə, o zaman bu hüquq icra nümayəndəsindən niyə alınırdı? Məntiqli sualdı, deyilmi? Təklif edirəm ki, ölüm haqqında şəhadətnamənin verilnməsi və dəfn müavinətinin ödənilməsi ilə bağlı problemlərin həlli üçün qanunlarda sadələşdirilmə aparılsın”.

Bundan sonra deputatlar gündəlikdə olan məsələlərin müzakirəsinə başlayıblar. Bir neçə qanuna əlavə və dəyişikliklər edilib.

Deputatlar tətilə buraxılıb

Bununla da Milli Məclisin növbədənkənar sessiyasına yekun vurulub. İclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Bununla da Milli Məclis tətilə buraxılıb.

Bildirilib ki, deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.


Geri qayıt