Əsas Səhifə > Güney Press > İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır
İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyırDünən, 15:11 |
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında həyata keçirdiyi iqtisadi təşəbbüslər və regional liderlik mövqeyi ölkənin artmaqda olan iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi və çoxşaxəli xarici siyasəti fonunda xüsusi əhəmiyyət qazanır. Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, təşkilatın strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərini daha da səmərəli edir.
Milli Məclisin deputatı Ceyhun MəmmədovSherg.az-a bildirib ki, bu gün Azərbaycan beynəlxalq təşkilatlarla çox fəal əməkdaşlıq aparır:
"Qurulan uğurlu tərəfdaşlıqlar nəticəsində ölkəmiz öz mövqeyini beynəlxalq aləmdə daha da möhkəmləndirir. Hazırda dövlətimizə olan inam və etimad durmadan artır. Bu siyasətin nəticələrini aydın şəkildə müşahidə edirik. Azərbaycan 1992-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür və bu platformada fəal iştirak edərək prosesə öz töhfəsini verməyə çalışır. Eyni zamanda ardıcıl və sistemli fəaliyyət göstərir ki, bu da olduqca əhəmiyyətlidir.
İqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, ekologiya və digər sahələrdə əməkdaşlıq, həm Azərbaycanın inkişafına təkan verir, həm də ölkəmizin bu sahələrdə verdiyi töhfəni nümayiş etdirir.
Ümumilikdə, Azərbaycanın bu təşkilat çərçivəsindəki əməkdaşlığı ölkəmizin nüfuzunun artırılması və mövqelərinin möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır. Azərbaycan bütün beynəlxalq platformalarda sistemli fəaliyyət göstərir, məqsədyönlü addımlar və bu istiqamətdə görülən işlər ölkənin ümumi inkişafına mühüm töhfələr verir".
Geri qayıt |