Əsas Səhifə > Güney Press / Manşet > “106 min ödəmişəm, yaşamağa evim yoxdur”

“106 min ödəmişəm, yaşamağa evim yoxdur”


Dünən, 16:15

“21 aya təhvil veriləcək” dedikləri binanın tikintisini 4 ilə yaxındır, bitirə bilmirlər”.

Bu şikayətlə “Qafqazinfo”ya Nəsimi rayonu, 20 yanvar küç. 3005-ci məhəllədə tikintisi gedən binadan mənzil alan vətəndaş Anar Musayev müraciət edib.

Şikayətçinin sözlərinə görə, sifarişçi şirkət “Şərq İnşaat” MMC sözügedən layihəni 2020-ci ildə təsdiqləsə də, tikinti hələ də tam başa çatmayıb: “Mənzili 2022-ci ildə aldım, dedilər ki, 21 aya təhvil verəcəklər. 4 ildir sadəcə birinci blok inşa edilib, binanın üstü bağlanmayıb. İş demək olar ki, getmir. Bir sözlə, təmir başa çatmayıb. Bu tikilən binanın yerində əvvəllər beşmərtəbəli binalar olub. İndi həmin vətəndaşlar da, biz də evsiz qalmışıq. Onlar kirayədə qalır, illərdir bu tikintinin bitməsini gözləyirlər. Evə ilkin olaraq 51 min manat ödəniş etmişdim, qalanını isə daxili kreditlə 2 ilə bitirdim. Adıçəkilən şirkətə ümumilikdə 106 min 250 manat pul ödəmişəm. Ancaq yaşamağa ev yoxdur”.

A.Musayev, həmçinin şirkətin binaya qeyri-qanuni olaraq 2 mərtəbə əlavə etməsini də deyir: “Layihəyə görə 1-ci blokun mərtəbə sayı 14, ikincininki isə 12-dir. Ancaq şirkət rəhbəri çalışır ki, binaya iki mərtəbə əlavə edilsin. Blok 1-də yaşayış 2-ci mərtəbədən sonra, ikidə isə 1-dən sonra başlayır. Bu uyğunsuzluq şirkətin məlumat lövhəsində də öz əksini tapıb. Elə bu səbəbdən də tikinti illərdir yarımçıq qalıb. Aidiyyəti qurumlara müraciət etsək də, cavab yoxdur. İstəyirik ki, tez zamanda evimizə yerləşək”.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün “Şərq İnşaat” MMC-nin rəhbəri Rafael Məmmədovla ilə əlaqə saxladıq. Lakin o, ölkə xaricində olduğunu bildirərək suallarımızı cavabsız qoydu.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə layihədənkənar tikinti faktı aşkarlanıb: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində mövcud yaşayış binasının tikintisinə dair əvvəllər təsdiq olunmuş layihədən kənar tikinti faktı (mansard) aşkar edilib. Faktla bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib”.


Geri qayıt