Əsas Səhifə > Güney Press > Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır?

Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır?


Dünən, 13:02

Son aylarda, xüsusilə də, son günlərdə baş verənlər haqqında əslində çox deyəcək bir şey də yoxdur. Sanki hər şey deyilib. Deyilənlərdən biri də budur: Azərbaycan Rusiyadan uzaqlaşır.

Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini, Azərbaycana qarşı nifrəti ilə xüsusi seçilən Konstantin Zatulin deyir ki, Azərbaycan heç vaxt Rusiyanın müttəfiqi olmayıb, Azərbaycan Rusiyadan uzaqlaşır və sair.

Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır?

Əlbəttə, Zatulin bizə düşmən münasibət bəsləsə də, dediklərində həqiqət payı var. Belə ki, Azərbaycan prezidenti Türk dünyası ilə əlaqələri prioritet elan edib. Azərbaycan Türkiyə ilə daha da yaxınlaşıb. Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb. Türkiyə faktik olaraq Azərbaycanın təhlükəsizliyinə təminat verən ölkəyə çevrilib. Həm də bu, NATO-da ABŞ-dan sonra ikinci ən böyük ordu gücü olan dövlətdir. Hər halda NATO-da ilk beş dövlətdən biridir.

Azərbaycan Rusiyaya qarşı heç nə etməyib; Moskvanın maraqlarına toxunan hər hansı bir formatda, proyektdə yer almayıb. Azərbaycan Gürcüstandan və Ermənistandan fərqli olaraq, Avropa İttifaqına can atmır, hətta assosiativ üzvlüyə də getmir. Azərbaycan öz ərazisindən qonşularına, o cümlədən, Rusiyaya qarşı istifadə olunmasına yol vermir. Azərbaycan öz ərazisində heç bir xarici dövlətin, hətta Türkiyənin belə hərbi bazasını yerləşdirməyib və belə bir fikri də yoxdur. Azərbaycan NATO-ya üzv olmaq niyyətində deyil, bu, Azərbayxana heç lazım da deyil. Azərbaycan Xəzər hövzəsinə Xəzəryanı olmayan ölkələrin donanmasını gətirməyib və buna ehtiyac da, imkan da yoxdur. Azərbaycan Rusiyaya qarşı Qərbin sanksiyalarına da qoşulmayıb. Azərbaycan Rusiya ilə müttəfiqlik birgə fəaliyyətinə dair bəyannamə imzalayıb. Azərbaycanda yüzlərlə Rusiya şirkəti işləyir, çoxlu sayda irili-xırdalı birgə iqtisadi layihələr var. Azərbaycanda rus məktəbləri var, rus icmasına qarşı heç bir diskriminasiya əlamətləri də yoxdur. İqtisadi-ticarət əlaqələri müsbət dinamika içindədir. İnsani, humanitar əlaqələr də öz yerində.

Beləliklə, Azərbaycan Rusiya üçün hər hansı bir təhlükə törətmir, maneə yaratmır. Bu halda niyə Rusiya Azərbaycana qarşı qeyri-dost münasibəti göstərir? Niyə hesab edilir ki, Azərbaycan Rusiyadan uzaqlaşır?

Doğrudan da, ən azı son altı ayın hadisələri göstərir ki, Azərbaycan Rusiyadan uzaqlaşır. Çünki Rusiya özü Azərbaycanı özündən uzaqlaşdırır.

2024-cü il dekabrın 25-də AZAL-a məxsus təyyarə Rusiyanın səmasında vurulanda və ondan sonrakı dönəmdə münasibətlər nəzərəçarpacaq dərəcədə soyudu. Rusiya tərəfi məsuliyyətdən yayınmağa, günahkarların cəzalandırılmasından boyum qaçırmağa çalışdıqca, hətta dolayısı ilə Azərbaycanın özünü gahlandırdıqca, əlbəttə, rəsmi Bakı Moskvadan uzaqlaşacaqdı, burda qəribə nə var?! Yaxud Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Qarabağı "mübahisəli ərazi" adlandıranda, təbii ki, bu, iki ölkəni bir-birindən uzaqlaşdıracaqdı. Nəhayət Rusiyada yaşayan, Rusiya və ya Azərbaycan vətəndaşları olmalarından asılı olmayaraq, etnik əlamətə görə Azərbaycanlılara qarşı xüsusi qəddarlıqla hücum edilir, adamlar ölümcül döyülür, qətlə yetirilir, əsassız ittihamlarla həbsə aılır. Bunlar, sizcə, Azərbaycanı Rusiyaya yaxınlaşdıra bilər, yoxsa uzaqlaşdırar? Cavab aydındır.

Ümumiyyətlə, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi bir yerdən, bir nöqtədən sonra, təbii olaraq, dost, müttəfiq ölkələri Moskvadan soyudur, uzaqlaşdırır. Hətta Belorus belə bu uzanan və qəddarlaşan hərbi əməliyyatlardan yorğunluq, məyusluq mərhələsinə daxil olub. Ruiya əvvəlki cazibəsini itirib və xüsusilə, ötən ilin avqustundan Ukrayna müharibədəki müqavimətinin bir qismini Rusiya ərazisinə daşıdıqdan sonra, illah da Ukraynanın "Hörümçək toru" əməliyyatından sonra məlum oldu ki, Rusiyanın heç özünə faydası qalmayıb, o da olsun başqalarına xeyir verməsi. Rusiya onun üçün əlverişli məqamlarda Ukrayna müharibəsini dayandırmalı və sülhə getməli idi. Bu fürsətləri buraxdı və irəli - daha dərin bataqlığa doğru hırəkətini davam etdi. Beləliklə, Ukraynanı əldə etmək istərkən, bütün postsovet məkanını, demək olar, itirdi. Qərbin Ukrayna strategiyasının da bir hədəfi məhz postsovet məkanını Rusiyanın təsirindən qoparmaq idi. Rusiya düşmən seçdiyi Ukraynaya - öz qardaşına ağır zərbələr endirdikcə, dostlarını da itirməli idi və itirdi də. Çünki təcavüzkarın yanında boy göstərmək asan iş deyil. Konkret olaraq, Azərbaycanı götürək: özü onillərlə hərbi təcavüzə məruz qalmış ölkə Rusiya-Ukrayna müharibəsində təxavüzkar tərəfin yanında necə axıra qədər dayana bilər. İndi həmin təcavüzkar dövlət - Rusiya MDB, Avrasiya İqtisadi İtyifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan dövlətlərdən umur ki, ona sifətini təmizləyib, Ukrayna bataqlığından çıxmağa kömək etsinlər. Nə imiş?! Azərbaycan, məsələn, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini Rusiya əraziləri kimi tanımalı imiş. Azərbaycan, təbii ki, buna getmədi və getməz. Bax, bu üzdən demişəm ki, Ukrayna müharibəsi dostlarını da Rusiyadan uzaqlaşdırır. Və əlbəttə, keçmiş Sovet məkanında yaranmış yeni, müstəqil dövlətləri, o cümlədən, Azərbaycanı Rusiyadan məsafəyə çəkilməyə sövq edən səbəblərdən biri də Moskvanın neoimperialist siyasəti və iddialarıdır. "Rusiyanın sərhəddi heç bir yerdə bitmir" deyə neokoıonialist planlar quran bir zehniyyətin yanında kim qalmaq istəyər ki?!

Beləliklə, Azərbaycan Rusiyadan uzaqlaşmır, uzaqlaşdırılır. Həm də bunu edən Rusiyanın özüdür.

Əvvəlki yazımda da qeyd etdiyim kimi, Rusiyanın dərdi heç də Azərbaycanın ona qarşı hər hansı bir addımı deyil; belə bir addım, ümumiyyətlə, yoxdur. Azərbaycanın Türkiyə ilə daha da möhkəmlənən birliyi Rusiyanı narahat edir və bunu artıq Rusiya rəsmiləri açıq-aşkar dilə gətirir. Dövlət Dumasının MDB üzrə komitə sədrinin birinci müavini Viktor Vodolski deyir ki, Azərbaycanın Türkiyə ilə işbirliyi Rusiyanı narahat edir.

Bir sözlə, Azərbaycanın Rusiyadan uzaqlaşması üçün yetərincə əsaslı səbəbləri var. Bu səbəbləri Rusiya özü yaradır. Rusiya öz yanlış siyasəti ilə, öz hikkəli davranışı ilə ətrafındakıları da özündən uzaqlaşdırır.

Bahəddin Həzi, bizimyol.info


Geri qayıt