Əsas Səhifə > Güney Press > Limonun ədədi 1,50 oldu...

Limonun ədədi 1,50 oldu...


2-07-2025, 07:08

Son həftələr Azərbaycanda limon kəskin bahalaşıb. İndi paytaxt Bakının bazar və marketlərində bir kiloqram limon ortalama 6-9 manat arasında təklif edilir. Bu da bir ədəd limonun qiymətinin 80 qəpik və 1 manat 50 qəpik arasında dəyişməsinə səbəb olub.

Nəzərə çarpan kəskin artım digər meyvə-tərəvəz məhsullarında da gözlənilir?

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Referans-a açıqlamasında bu sualı cavablandırıb.

“Bahalaşma təklifin azalması ilə bağlıdır. Yəni təklif azalanda bazarda qiymətlət qalxır. Hazırda limon mövsümi olmayan meyvələr sirasındadır və Azərbaycan yetərinc limon istehsal edə bilmir, idxaldan asılıdır. Ola bilər ki, buna görə də təklif hazırda azdır. Lakin Azərbaycanda qiymət artımı yalnız bazarın yaratdığı təklif və tələblə bağlı deyil. Təəssüflər olsun ki, Azərbaycanda monopoliya aradan qalxmır. Bu, ciddi problem olaraq qalır. Monopoliya olmasa eyni adlı məhsulu müxtəlif ölkələrdən gətirib sataraq qiyməti aşağı salmaq olar. Amma bazara başqa oyunçular buraxılmadığı üçün burada monopolistlər qiymət diqtə edir”.

Ekspert qeyd edib ki, iyulun 1-dən etibarən Azərbaycanda bir qrup sosial müavinətlərin artırılmasının da qiymətlərin yenidən yüksəlməsində rolu olacaq.

“Azərbaycanda qiymət artımı inzibati qayda ilə tənzimləmək mümkün deyil. Bazar inzibati yolla idarəetməni sevmir. Bazarın sevdiyi təklifin çox olması nəticəsində qiymətin enməsidir. Bu gündən etibarən bir sıra sosial müavinətlərin artması yaxın zamanda digər məhsulların da yenidən bahalaşacağından xəbər verir. Əhalinin ərzaqa tələbatı heç vaxt azalmır. İstehsal, təklif azala bilər lakin tələbat azala bilməz”.

Vahid Məhərrəmov yaxın zamanda bahalaşması gözlənilən digər məhsullardan da danışıb.

“Ərik artıq bitmək üzrədir. Bu gün gördüm ki, əriyin qiyməti yenə də artıb. Eyni zamanda 2-3 gün əvvəl kiloqramı 10 manata təklif olunan gilas hazırda 13 manata təklif olunur. Eyniylə pomidorun kiloqramı 1 manat təşkil edirdi, indi isə 2 manat olub. Nəzərə alsaq ki, hazırda mövsümü olduğuna görə, bu məhsulların qiyməti enməlidir amma əksinə artım var. Bu da heç də müsbət xəbər deyil. Bu il inanmıram ki, kartof istehsalımız artsın. Çünki əkin sahəsi artmayıb və məhsuldarlıq da aşağıdır Azərbaycanda. Bu səbəbdən bu il, gələn ilin əvvəli kartofun, eləcə də soğanın qiymətində artım gözlənilir. Ümumilikdə bütün meyvə-tərəvəzlərin qiymətində artım olacaq və bu artıq başlayıb”.

Ekspert əlavə olaraq bildirib ki, yaxın günlərdə bitki yağının, qoyun ətinin qiymətində də artım gözləniləndir.


Geri qayıt