Əsas Səhifə > Güney Press > Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır

Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır


Dünən, 23:48

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə "xarici təsir agentləri"nə qarşı yeni qanun mexanizmlərinin hazırlanmasının vacibliyindən danışıb.

Musavat.com xəbər verir ki, bu çağırış hakimiyyətlə tanınmış erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan arasında dərinləşən qarşıdurma fonunda səslənib.

İyunun 30-da Milli Təhlükəsizlik Xidmətinin kollektivinə yeni rəhbər Andranik Simonyanı təqdim edən Paşinyan xüsusi vurğulayıb ki, Ermənistan artıq terrorizmə meyilli fəaliyyətlərin və konstitusiya quruluşunu devirməyə cəhdlərin qarşısını almaqda irəliləyiş əldə edib. Ancaq onun fikrincə, bu, kifayət deyil.

Nikol Paşinyan deyib ki, indi əsas təhlükə hüquqi cəhətdən cəzalandırıla bilməyən, lakin faktiki olaraq ölkənin müstəqilliyinə və suverenliyinə zərbə vurmağa çalışan "təsir agentləri"dir:

"Onlar Ermənistan xalqının öz gələcəyini müəyyən etmək hüququnu şübhə altına alan ideyalar yayırlar".

Baş nazir əlavə edib ki, uzun illərdir Ermənistan "başqa ölkələrdə mümkün olmayan hallar"a dözümlü yanaşıb. Misal üçün, Ermənistan vətəndaşlığı olmayan xarici şəxslər ölkənin daxili siyasətinə açıq şəkildə müdaxilə edərək radikal bəyanatlar verə bilirlər.

Paşinyan bu fikirlərlə açıq şəkildə Samvel Karapetyanı hədəfə alıb.

Ermənistan Apostol Kilsəsini müdafiə edən Karapetyan hökuməti kəskin tənqid etmişdi. İyunun 18-də o, hakimiyyətin zorla ələ keçirilməsinə çağırış ittihamı ilə 2 aylıq həbs edilib. İş adamı ittihamı rədd edib və Paşinyan hökumətini "siyasi iflasa uğramış" adlandırıb.

Karapetyanın həbsi ilə eyni vaxtda hökumət ona məxsus "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin milliləşdiriləcəyini və satışa çıxarılacağını elan edib.

Hakim partiyanın nümayəndələri açıq şəkildə bildiriblər ki, xarici ölkə vətəndaşı olan Karapetyan Ermənistanın siyasi gündəminə müdaxilə etmək hüququna malik deyil.

Qeyd edək ki, Nikol Paşinyanın "xarici təsir agentləri" ilə bağlı qanun təşəbbüsü təkcə Karapetyana qarşı deyil, həm də ölkədəki müstəqil və tənqidi mövqeli dairələri susdurmağa yönəlmiş yeni repressiya dalğasının başlanğıcı kimi qiymətləndirilir.


Geri qayıt