Əsas Səhifə > Güney Press / Araşdırma / Manşet > Niyazi Bayramovun Gəncədə “yol əhvalatı”
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı”Dünən, 12:30 |
Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində yolların əsaslı təmiri işləri üzrə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə bir mənbədən satınalma metodu tətbiq etməklə 2.897.827,35 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 18.06.2025-ci ildə dərc edilib. Qeyd edək ki, bir mənbədən satınalma metodu “Dövlət Satınalmaları Haqqında” Qanununun 49-cu maddəsinə görə satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda və satınalma predmetinə təcili tələbat yarandıqda tətbiq edilə bilər. Düzdür, “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC yolların istismarı və təmiri üzrə ixtisaslaşmış şirkətlərdən biridir. Amma bu Gəncə şəhər İcra Hakimiyyətinə əsas verirmi ki, hər il bu şirkətlə milyonlarla manat dəyərində müqavilə bağlasın. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə təkcə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb. Ötən ilin noyabrında isə Gəncə şəhər İcra Hakimiyyəti yolların əsaslı təmiri işlərinin satınalınması məqsədi ilə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə 9.847.742,45 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Başlanma müddəti 06.11.2024-cü ilə müəyyən edilmiş müqavilənin 30.12.2024-cü ilə qədər bitməsi nəzərdə tutulub. Belə böyük həcmli bir işi iki aya yekunlaşdırmaq isə heç də inandırıcı görsənmir. Bu daha çox yolları yamandığına işarə edir. Bəs dövlətin ayırdığı bu qədər vəsaitin qarşısında Gəncə şəhərində avtomobil yollarının hələ də barbad olmasına nə ad vermək olar? Qeyd edək ki, Gəncə şəhərində yolların bərbad olması barədə elektron mediada və sosial şəbəkələrdə kifayət qədər geniş video-foto materiallar var. Məlum olduğu kimi Gəncə şəhər İcra Hakimiyyəti şəhərdə yolların əsaslı təmiri işlərini ancaq “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC-yə verir. Sözügedən şirkətin təmir etdiyi yollar isə çox qısa müddətdən sonra bərbad hala düşürsə Gəncə şəhər İcra Hakimiyyəti nə üçün təkrar müqavilə bağlayır? Qeyd edək ki, Aktualinfo.org hələ ötən ilin dekabrında Gəncə şəhər İcra Hakimiyyəti ilə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC arasında olan işbirliyinə toxunmuşdu. Bir daha xatırlatmaq istərdik ki, hər il Gəncə şəhərində yolların əsaslı təmiri işlərinə dövlət tərəfindən milyonlarla manat vəsait ayrılır. Gəncə şəhər İcra Hakimiyyətindən əlavə tabeliyində olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin son illər Gəncə şəhərində yalnız yolların əsaslı təmiri işlərinin satınalınması üzrə bağladığı müqavilələr bunlardır. Gəncə şəhərində yolların əsaslı təmiri işləri üzrə 3.970.850,36 manat məbləğinə satınalma müqaviləsi 04.05.2020-ci ildə “ƏRDAGI” MMC ilə, Gəncə şəhərində abadlıq işləri üzrə 3.174.710,26 manat məbləğinə satınalma müqaviləsi 10.07.2020-ci ildə “ƏRDAGI” MMC ilə, yolların əsaslı təmiri işləri üzrə 3.971.349,16 manat məbləğinə satınalma müqaviləsi 27.05.2021-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə, yolların əsaslı təmiri işləri üzrə 3.972.180,49 manat məbləğinə satınalma müqaviləsi 24.09.2022-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2”ASC ilə, yolların əsaslı təmiri işləri üzrə 9.915.755,65 manat məbləğinə satınalma müqaviləsi 24.08.2023-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ilə bağlanılıb. Qeyd edək ki, bu məlumatlar dəyəri milyon manatdan yuxarı olan satınalmalar üzrə hesablanıb. Gəncə şəhərində hər il küçə və prospektlərdə abadlıq, yolların əsaslı təmiri, abadlıq-quruculuq işlərinin satın alınması məqsədi ilə ayrılan yüz minlərlə manat dövlət vəsaitləri də var ki, müəmmalı MMC-lər vasitəsi ilə təyinatından kənarlaşdırılıb.
Qayıdaq Gəncədə yolun çökməsinə. Göründüyü kimi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi təkcə yolların təmirinə son dörd ildə 25 004 844 manat məbləğində beç satınalma müqaviləsinin bağlanılıb.
Qeyd edək ki, “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. ASC-nin ilk qanuni təmsilçisi Qurbanəliyev Çingiz Midhət oğlu olub. Çingiz Qurbanəliyevin adı hələ 2010 cu ildə Gəncədə “İmamzadə” kompleksinin yenidənqurulması və təmir-bərpa işlərini həyata keçirilməsində yaranmış problemlərdə hallanırdı. Məlumatlara görə sözügedən təmir -bərpa işlərinin aparılması üçün büdcədən ayrılmış milyonlarla manat dövlət vəsaitini mənimsənilməsində iştirakçılardan biri də məhz Çingiz Qurbanəliyev olub.
İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, nizamnamə kapitalı 143 104 manat olan “Gəncə Körpü Tikinti-2” ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-yə müəyyən müddət Rzayev Süleyman Qəmbər oğlu rəhbərlik edib. Hazırda qanuni təmsilçi kimi Zeynallı Məhərrəm Aslan oğludur.
Amma açıq mənbələrədə açıqlanmasa da “Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədri, yəni əsas pay sahibi Aqibət Məmmədovdur. Aqibət Məmmədov Gədəbəy rayonunda anadan olub. Qərb bölgəsində oliqarx kimi tanınır. Hələ 2017-ci ildə Aqibət Məmmədovun Belarusun paytaxtı Minskin mərkəzində, keçmiş Çerven bazarının qarşısında biznes mərkəzi inşa etdirməsi barədə məlumatlar yayılmışdı.O, ötən illərdə oğlunun avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, Aqibət Məmmədovun oğlu Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.
Göründüyü kimi Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi son dörd ildə Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin aparılmasına milyonlarla manat dövlət vəsait xərcləyib. Qeyd edək ki, bunlar Niyazi Bayramovun 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edilməsindən sonra ayrılan vəsaitlərdir. Ayrılan bu pulların qarşılığında Gəncə şəhərində avtomobil yollarının hələ də barbad olması, tez-tez çökməsi isə Niyazi Bayramovun başçısı olduğu şəhərdə yolların təmir bərpasından daha çox, dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması əməliyyatlarına, yəni “yol əhvalatı”na oxşayır.
Aktualinfo.org
Geri qayıt |