Əsas Səhifə > Güney Press / Partiya > Vəhdət Partiyası və Tahir Kərimlidən nümunə götürmək zamanı...
Vəhdət Partiyası və Tahir Kərimlidən nümunə götürmək zamanı...Bu gün, 11:22 |
Ötən həftəsonu Bakının “Badamdar Biznes & Residence Complex”in zalında Vəhdət Partiyasının növbədənkənar VI Qurultayı keçirilib. Qurultayda ölkənin müxtəlif bölgələrindən seçilmiş 510 nümayəndə və təxminən 50-60 ictimai-siyasi qonaq iştirak edib. Qurultayın qərarına əsasən, Adəm İsmayıl Bakuvi açıq səsvermə yolu ilə tam səs çoxluğu ilə partiyanın yeni sədri seçilib. Yeni sədr qurultay qarşısında siyasi platformasını və partiyanın gələcək strateji hədəflərini açıqlayıb. Qeyd edək ki, Adəm İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Elmlər doktorudur. Yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir. Onun indiyədək “Məhşər divanı: Yalanın 17 anı” romanı, “Paris üçbucağı”, “Eşq mələyi” adlı romanları işıq üzü görüb. Tədbirin sonunda qurultay iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə dövlət başçısının apardığı siyasətə dəstək ifadə olunub və milli birliyə çağırış yer alıb. 1994-cü ildə yaradılan partiyaya 1998-ci ildən Tahir Kərimli rəhbərlik edib. T.Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992-1993), İsmayıllı rayon XDS-nin deputatı (1990-1993), Azərbaycan Ali Sovetinin deputatı (1990-1995), Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı olub. T.Kərimlinin sədrlikdən getmək qərarını partiyanın təşkilat məsələləri üzrə sədr müavini Fəxrəddin Ağazadə şərh edib. Onun sözlərinə görə, sədr yerini gənclərə vermək istəyir: “Tahir bəy deyir ki, bu günə kimi işlədik, daha bəsdir, indi yerimizi gənclərə verməliyik. Partiyaya yeni nəfəs gəlsin. Özü partiyadan getmir, hər hansı bir vəzifədə fəaliyyətini davam etdirəcək”. Fəxrəddin Ağazadənin sözlərinə görə, əgər qarşıdakı illərdə parlament seçkiləri keçirilsə, Tahir Kərimli namizədliyini irəli sürəcək. Həftə başlayan kimi sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin səlahiyyətlərinin icrasını dayandırdığı məlum olub. O, partiya sədrinin səlahiyyətlərinin həyata keçirilməsini müavini Qiyas Sadıqova həvalə edib. Pənah Hüseyn deyib ki, nizamnamənin müvafiq maddəsi sədrə səlahiyyət verir ki, öz səlahiyyətlərinin müəyyən hissəsini və yaxud hamısını müavininə həvalə etsin. Partiya sədri əlavə edib ki, Xalq Partiyasının İdarə Heyətinin bu il qurultay keçirilməsi ilə bağlı qərarı var: “Doğrudur, bu proses hələ başlamayıb. Təşkilat komitəsi yaradılmayıb. Amma İdarə Heyətinin qərarında bu ilin sonuna qədər növbədənkənar qurultay keçirilməsi barədə qərar verilib”. REAL Partiyasının sədrliyinə də ötən il yeni şəxs seçilib. Lakin radikal müxalif partiyalar, xüsusən AXCP sədrini dəyişmir. Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, AXCP başda olmaqla, radikal müxalifət partiyalarında ətalət hökm sürür. Bunun səbəblərindən ən əsası rəhbərliyin dəyişməməyidir: “Məsələn, AXCP-də Əli Kərimli partiyanı sanki özünün şəxsi mülkü hesab edir. Onun sədrliyi həmin təşkilata yaxşı heç vermir. O bir sədr kimi imkan vermir ki, partiya seçkilərdə iştirak etsin. Bir partiyanın seçkidə heç bir formada iştirak etməməsi onun siyasi səhnədən yox olmasına rəvac verir. Əli Kərimli AXCP-ni yanlış siyasəti ilə bu vəziyyətə sürükləyir. Müsavat Partiyasında bir müddət sədr dəyişikliyi olsa da, əslində de-fakto partiyada söz sahibi yenə İsa Qəmbər idi. İsa Qəmbər bir müddətliyinə partiya sədri vəzifəsindən getsə də, sonradan yenə sədrliyə qayıtdı. Bu da çoxlu suallar yaratdı və cəmiyyətdə heç də yaxşı qarşılanmadı. İsa Qəmbər sanki öz yerini uzun müddət başqasına verməyə dözmədi”. Geri qayıt |