Əsas Səhifə > Güney Press > İran məşhur taktikaya əl atdı

İran məşhur taktikaya əl atdı


Dünən, 23:57

Mediada, eləcə də məşhur Teleqram kanallarında İsrailin İranda vurduğu raket buraxılış sisteminin saxta hədəf olması haqda iddialar yayılıb. Bu taktika əvvəllər də istifadə olunub: məsələn, İraqın sabiq prezidenti Səddam Hüseyn 1991-ci il Körfəz müharibəsi zamanı eyni üsula əl atmışdı.

İsrailin zərbə endirdiyi digər hərbi obyektlər də saxta ola bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, istənilən hərbi qarşıdurmalar zamanı müxtəlif iddialar və dezinformasiyalar yayılır:

“Bu da onlardan biri ola bilər. Keçmiş təcrübələr göstərir ki, müharibələrdə oxşar metodlardan tez-tez istifadə olunur. Bu taktikanın yenidən işə salınması normaldır. Digər obyektlərin də “feyk” olması barədə iddialar real görünmür. Çünki ortada konkret məlumatlar var. Artıq ölənlərin sayı 250-yə yaxınlaşır. Eləcə də İranın İsrailə endirdiyi zərbələrin nəticələri məlumdur”.

C.Abbaslı hesab edir ki, nə ABŞ, nə də Qərb İranın parçalanmasını istəyir:

“İsrail bu qədər sərt cavabla qarşılaşacağını gözləmirdi. Əvvəlki hücumlar kimi sadəcə simvolik reaksiya alacağını düşünürdü, lakin bumeranq effekti ilə üzləşdi.

İran rejimi də bu qarşıdurmada qazanan tərəf deyil. Hərbi gərginlik başladıqdan sonra İranı tərk edənlərin sayı kəskin artıb. Bu prosesin uzunmüddətli olacağını düşünmürəm, lakin rejimə ciddi zərbə dəyir. Müharibə çox davam etməyəcək – yəqin ki, bu həftənin sonuna qədər sakitləşəcək”.

Cavansir Abbasli

Siyasi şərhçi qeyd edib ki, müharibənin bitməsi ölkəmizin də maraqlarına uyğundur:

“Müharibə tezliklə bitməsini arzulamaqdan başqa yolumuz yoxdur. Çünki regionumuzda baş verən istənilən qarşıdurma, xüsusilə qonşu İran kimi dövlətin savaşa girməsi həm Azərbaycan, həm də bölgə üçün böyük təhlükələr yaradır”.



Geri qayıt