Əsas Səhifə > Güney Press > İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib

İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib


Bu gün, 05:36

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qəlibaf İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni təsdiq edərək ölkə Prezidenti Məsud Pezeşkiana göndərib.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

“Konstitusiyanın 123-cü maddəsinə uyğun olaraq, parlament sədri Məhəmməd Baqir Qəlibaf İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni prezidentə təqdim edib”, – agentlik qeyd edib.

Sənəd xüsusilə tərəflər arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə münasibətlərin dərinləşdirilməsini və genişləndirilməsini, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini, həmçinin hərtərəfli, uzunmüddətli və strateji tərəfdaşlıq prinsiplərinə uyğun olaraq regional və qlobal səviyyədə fəaliyyətlərin sıx koordinasiyasını nəzərdə tutur.

Qeyd edək ki, yanvarın 17-də Kremldə keçirilmiş danışıqların yekununda Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni imzalayıblar. Aprelin 21-də Rusiya lideri sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.


Geri qayıt