Əsas Səhifə > Güney Press > "Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir?

"Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir?


Dünən, 18:05

Bu gün Naxçıvanda 17 nəfərin dönərdən zəhərlənməsi ilə nəticələnən hadisə ölkədə qida təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirib. Hadisə Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” adlı iaşə obyektində baş verib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyini (AQTA) kəskin tənqid edib:

“Çox təəssüf ki, AQTA üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir. Qurumun operativ yoxlama qabiliyyəti yoxdur. İsti hava şəraitində ət məhsulları sürətlə xarab olur. Belə hallarda dönərlərin təhlükəli hala gəlməsi qaçılmazdır. Bəzən bir gün əvvəl bişirilən ət ertəsi gün satılır. Bu isə zəhərlənməyə birbaşa səbəb olur. Soyuducuda saxlanılması belə bu riski aradan qaldırmır. Təəssüflər olsun ki, bu məsələlərə ciddi nəzarət yoxdur. Ən acınacaqlısı isə budur ki, AQTA planlı yoxlamalar aparır və öncədən xəbər verir! Bu, nəzarətin formallığından başqa bir şey deyil!”

Eyyub Hüseynovun sərt çıxışına cavab isə Milli Məclisin deputatı Fazil Mustafadan gəlib.

Deputat məsuliyyəti yalnız bir qurumun üzərinə yükləməyi ədalətsiz sayıb:

Ölkədə on minlərlə iaşə obyekti fəaliyyət göstərir. Hər birinin mətbəxində AQTA əməkdaşlarının daim nəzarət etməsi mümkün deyil. Qurum üzərinə düşən funksiyaları icra edir, bu cür halların qarşısını almaq üçün səy göstərir. Əsas məsuliyyət sahibkarın üzərinə düşür. İnsanlar çalışmalıdır ki, başqalarının həyatını təhlükəyə atmasınlar. Maarifləndirmə əsas prioritet olmalıdır. Hələ araşdırma aparılmadan bir qurumu günahlandırmaq ədalətli deyil”.


İctimaiyyət arasında “kim haqlıdır?” sualı aktuallaşdığı bir vaxtda, hadisə ilə bağlı rəsmi araşdırma davam edir. Qida təhlükəsizliyi sahəsindəki boşluqlar və nəzarətsizliklə bağlı müzakirələr isə genişlənməkdədir.


Geri qayıt