Əsas Səhifə > Güney Press > Böyük güclərin Cənubi Qafqazda qarşıdurması

Böyük güclərin Cənubi Qafqazda qarşıdurması


Dünən, 17:58

“Dünya nəhənglərinin Cənubi Qafqazda qarşıdurması müşahidə olunmaqdadır və əsas ağırlıq mərkəzi də son illərdə olduğu kimi yenə Ermənistanın üzərinə düşür. Ermənistanda situasiya tədricən nəzarətdən çıxmağa başlayır. Rusiya Cənubi Qafqaza yenidən qayıtmaq, öz mövqelərini bərpa etmək niyyətinə düşüb və buna da Amerika Birləşmiş Ştatları və Avropa Birliyi əks reaksiya ilə cavab verməyə başlayıblar. Təbii ki, bu istər- istəməz Cənubi Qafqazdakı geopolitik proseslərə də təsir göstərə bilər”.
Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, Paşinyan və kilsə arasındakı qarşıdurma hansısa mərhələdə yekun nəticələrə yaxınlaşacaq:
“Təbii ki, bu qarşıdurmada əsas məsələ regiondan kənar təsirlərdir. Bu da ilk növbədə Paşinyana Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin dəstəyinin hansı səviyyədə olması xüsusi rol oynayır. Əgər bu dəstək yetərli olarsa, o zaman Paşinyan kilsə ilə qarşıdurmada üstünlük qazana bilər. Ən azından bu
qarşıdurmada balansı saxlaya bilər. Əks halda Ppaşinyan üçün daha ağır bir dövrün başlama ehtimalı istisna deyil. Bunun da əsas səbəblərindən biri ondan ibarətdir ki, kilsə hazırda revanşist radikal erməni müxalifətinin avanqard qüvvəsi kimi çıxış edir. Qarabağ klanı da daxil olmaqla bu düşərgəyə məhz kilsə rəhbərlik edir. Digər önəmli faktor isə ondan ibarətdir ki, həm Qarabağ klanı, həm də kilsə birbaşa Rusiya kəşfiyyatına bağlıdır və Kremldən təlimatlar alaraq fəaliyyət göstərirlər. Erməni KİV -lərinin iddialarına görə, Paşinyan da kilsənin Kremldən təlimat aldığını yaxın ətrafına bildirib və ona görə də yaxınlaşan təhlükəli situasiyaya hazır olmağa çağırıb. Yəni belə anlaşılır ki, bu qarşıdurma olduqca ciddi nəticələr verə biləcək bir qarşıdurmadır. Üstəlik, kilsənin nəzarətində olan Qarabağ klanının əlində silah sursat da var və Kremldən təlimat alan kilsə Qarabağ klanını Paşinyan hakimiyyəti ilə silahlı toqquşmalara sürükləyə bilər. Bu baxımdan hesab etmək olar ki, 2026-cı ilin parlament seçkiləri ərəfəsində Ermənistanda hətta nəinki küçə iğtişaşları, hətta daxili silahlı toqquşmaların olması mümkündür. Eyni zamanda, Paşinyan hakimiyyətinin Ermənistan ordusuna nəzarət etmədiyi də məlum olmağa başlayıb. Rusiya kəşfiyyatının nəzarətində olan yüksək rütbəli erməni zabitlər sərhəd bölgəsində hərbi təxribatlar törətməyə başlayıblar. Hətta onlardan bir hərbçinin həbs olunması haqda məlumatlar var. Ermənistan hüquq mühafizə orqanları təxribat törədən hərbçilərdən birini istintaqa cəlb edib”.
Siyasi şərhçi qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişsə belə, Cənubi Qafqazdakı proseslərin istiqamətini dəyişəcək bir hadisə olmayacaq:
“Çünki güclü Azərbaycan var. Azərbaycan artıq Cənubi Qafqazın şəriksiz siyasi iradə mərkəzidir və ona görə də Ermənistanda hakimiyyətin dəyişib- dəyişməməsinin Cənubi Qafqazdakı stuasiyaya təsiri olsa belə status kvonu dəyişmək ehtimalı demək olar ki, yoxdur. Hətta radikal revanşist erməni müxalifətin təmsilçiləri hakimiyyətə gəlsə belə, Azərbaycanın siyasi iradəsi ilə hesablaşmaq məcburiyyətindədirlər. Azərbaycanın şərtlərini, tələblərini yerinə yetirmək məcburiyyətində qalacaqlar”.

Geri qayıt