Əsas Səhifə > Güney Press > Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın

Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın


Dünən, 12:37

Əvvəl Mayk Pensin mətbuat katibi, sonra Donald Trampın etibar etdiyi müşavir, bu günlərdə isə İlon Maskın ən yaxın məsləhətçisi... Ancaq indi Vaşinqtonda hər kəs eyni sualı verir: Keti Miller indi kimin tərəfindədir?
Qaynarinfo xəbər verir ki, İlon Mask Tramp yenidən prezident seçildikdən sonra Ağ Evə tək gəlməyib. Onunla bərabər Vaşinqtonun incə siyasi yollarını yaxşı bilən bir müşavir də vardı - Keti Miller.
Trampa yaxın fiqurlardan olan Stiven Millerlə evli olan Keti Miller, Trampın ilk prezidentliyi dövründə Ağ Evdə önəmli rol oynamış, vitse-prezident Mayk Pensin kommunikasiya məsələlərini idarə etmiş və siyasi elita ilə güclü əlaqələr qurmuşdu.
Siyasi minalarla dolu bir sahənin ortasında
Yanvar ayında Trampın yenidən prezident seçilməsi ilə Miller bu dəfə İlon Maskın qeyri-rəsmi nümayəndəsi - yəni Ağ Evdəki əlaqələrini və strategiyasını yönəldən fiqur olaraq geri döndü. Lakin indi o, özünü siyasi intriqaların mərkəzində, addımbaşı minalarla dolu bir sahədə tapıb.
Mask və Tramp arasında açıq qarşıdurma
Amerika son günlər misli görünməmiş bir siyasi ayrılığı müzakirə edir. Bir neçə ay öncəyə qədər ayrılmaz müttəfiq sayılan ABŞ prezidenti Donald Tramp ilə texnologiya milyarderi İlon Mask arasında açıq bir qarşıdurma başlayıb.
Ötən həftə Trampın "gözəl böyük plan" adlandırdığı vergi endirimi layihəsini sərt şəkildə tənqid edən İlon Maska Trampdan cavab gəlib və mübahisə alovlanıb. Mask sosial şəbəkələrdə Trampa qarşı ittihamlarını artıraraq, prezidentin azad edilməli olduğunu bildirib və Trampın Ceffri Epsteyn işi ilə əlaqəli olduğunu iddia edib.
ABŞ prezidenti ilə milyarder arasında qalan müşavir
Tramp və Mask arasında münasibətlər pozulduqdan sonra Keti Miller də siyasi hesablaşmaların mərkəzində qalıb. Onun şəxsi həyatı diqqətə alınıb və keçmiş müttəfiqləri tərəfindən sədaqəti sorğulanmağa başlanıb.
"Telegraph" qəzetinə danışan Ağ Ev rəsmilərindən biri bu son hadisələrin Millerin sədaqətinin "sınaqdan keçəcəyi bir qırılma nöqtəsi" olacağını bildirib.
Trampa yaxın fiqurla evlilik
Trampın ilk dövründə soyadı Valdman olan Keti sevgi həyatını da Ağ Evdə tapıb. 2020-ci ilin əvvəlində Trampa yaxın fiqurlardan biri olan Stiven Millerlə evlənib. Vaşinqtonda keçirilən toya Tramp da qatılıb.
O dövrdə jurnalistlərə sərt çıxışları ilə tanınan Miller, Trampın 2020-ci ildəki seçki məğlubiyyətindən sonra bir müddət daha vitse-prezident Pensin mətbuat katibi olaraq çalışıb.
"Trampa sədaqətli fiqur" kimi tanınırdı
Ancaq Millerin aqressiv və qarşıdurmacı üslubu, Pensin daha mülayim mövqeyi ilə uyğunlaşmır. Xüsusilə Pensin həyat yoldaşı Karen Pens ilə münasibətlərinin gərgin olduğu bilinirdi. Pens 2024 üçün prezidentlik planları qurarkən komandasını yenidən formalaşdırmağa başlayıb və "daha çox Trampçı" olan fiqurlar bu vizyona uyğun gəlməyib. Beləliklə, Miller səssiz şəkildə komandadan uzaqlaşdırılıb. Bu isə onun üçün fürsət olub.
Tramp tərəfdarlarının "xain" elan etdiyi Pensin əksinə, Keti Tramp dünyasında "sədaqətli fiqur" olaraq qalıb. Lakin aktiv roldan daha çox müşavir kimi kölgədə qalmağı və sahədə deyil, strategiya və əlaqələr üzərindən təsir göstərməyi üstün tutub.
Bu dəfə Maskı seçdi
2024-cü ildə bu dəfə Tramp üçün deyil, Maskın qeyri-rəsmi nümayəndəsi olaraq Ağ Evə qayıdıb. Bu isə həm Tramp çevrəsində, həm də Ağ Evdə yeni bir güc sahəsinin formalaşmasına səbəb olub.
Daxildəki bir mənbə "Telegraph"a bu barədə danışarkən "İlon və onun enerjisi ilə bağlı insanlar narahat idi. Keti orada olduqca hər kəsin rahatlamasına kömək etdi" deyib.
Adı açıqlanmayan həmin mənbəyə görə, Miller qısa müddət ərzində texnologiya milyarderi üçün mərkəzi fiqura çevrilib. Ta ki Mask, vəzifəsini tərk edəcəyini açıqlayana qədər.
Keti bütün dünyanın maraqla izlədiyi bu qarşıdurmada tərəfini seçib və Maskla çalışmağa başlayıb.
İndi tarazlıqları o yox, üzərindəki təzyiqlər müəyyənləşdirir
Keti Miller karyerası boyunca daim güclü kişi fiqurları arasında tarazlıq qurmağa çalışıb: əvvəl Pens və Tramp arasında, sonra Tramp və Mask arasında. Ancaq indi bu fiqurlar bir-biri ilə üz-üzədir.
Bir tərəfdə həyat yoldaşı Stiven Miller vasitəsilə hələ də güclü bağlarla bağlı olduğu Tramp, digər tərəfdə isə birbaşa nümayəndəsi olduğu İlon Mask...
Bu proses yalnız siyasi mövqeyini deyil, şəxsi sədaqətini də sınağa çəkir. Keti Miller üçün artıq bu Vaşinqton oyunu, kimin qalib gələcəyindən çox, onun bu fırtına içində nə qədər dayana biləcəyinə bağlıdır. İndi bütün diqqət bu mübarizənin nəticəsindən çox, onun bu siyasi tufanda necə ayaqda qala biləcəyinə yönəlib.

Geri qayıt