Əsas Səhifə > Güney Press > “Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır
“Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayırDünən, 17:09 |
Gürcüstan ilə Avropa İttifaqı arasında münasibətlərdə gərginlik yeni mərhələyə qədəm qoyur. Tbilisinin Avropa inteqrasiyası yolunda uzun illərdir etdiyi çağırışlar və səylər fonunda, Avropa Parlamentinin Gürcüstana dair son tənqidi hesabatı ölkənin siyasi rəhbərliyi tərəfindən sərt şəkildə rədd edilib. Baş nazir İrakli Kobaxidzenin “Avropa Parlamenti SSRİ-nin Ali Sovetindən fərqlənmir” kimi kəskin ifadələri isə Gürcüstanın Qərb təsisatları ilə gələcək münasibətlərini sual altına salır: “Avropa Parlamentinin qətnamələri bizi qətiyyən maraqlandırmır. Sovet institutunu xatırladan varsa, o da təəssüf ki, bu gün SSRİ-nin Ali Şurasından heç nə ilə fərqlənməyən Avropa Parlamentidir”.
O, Avropa Parlamentində vəziyyətin çox acınacaqlı, narahatedici və faciəvi olduğunu bildirib. “Ümid edirəm ki, bərpa prosesi və dəyişikliklər ilk növbədə Avropa Parlamentini əhatə edəcək”.
Qeyd edək ki, ötən gün Avropa Parlamentinin Xarici əlaqələr komitəsində Gürcüstana dair tənqidi hesabat təsdiqlənib.
Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında deyib ki, Gürcüstan əvvəlki hökumətin dövründə Qərb strukturlarına inteqrasiya prosesində mühüm irəliləyişlər əldə etmiş, xüsusən də Avropa İttifaqı və NATO ilə münasibətlərdə yeni mərhələyə qədəm qoymuşdu. Lakin son illərdə rəsmi Tbilisinin xarici siyasət kursunda müşahidə olunan dəyişikliklər ölkənin strateji oriyentasiyasında ciddi suallar doğurur:
"Hazırkı Gürcüstan hökuməti isə Avropaya inteqrasiyadan tədricən uzaqlaşaraq Rusiyaya yaxınlaşma meyli göstərir. Bu da Avropa İttifaqı və digər qərb institutları tərəfindən tənqidlə qarşılanır. Avropa Parlamentinin Gürcüstana dair təsdiqlədiyi tənqidi hesabat da göstərir ki, qərb bu dəyişiklikləri regionun demokratik gələcəyi üçün ciddi təhdid hesab edir. Hökumətin apardığı bu siyasət nəticəsində Gürcüstanda demokratik institutların zəiflədilməsi halları müşahidə olunur ki, bu prosesin arxasında da “boz kardinal”, hakimiyyətə de-fakto təsir gücünü saxlayan milyarder Bidzina İvanişvili dayanır. Gürcü xalqı isə bu prosesdən narazı olsa da, ölkədə vahid müxalifətin dayaqları xeyli dərəcə zəiflədildiyi üçün artıq hökumətə qarşı çıxışlar da müşahidə edilmir”.
Politoloqun sözlərinə görə, Gürcüstanın qərbyönümlü siyasət yeritdiyi dövrlərdə ölkəyə xarici investisiyalar axını artıb, ticarət əlaqələri genişlənib və makroiqtisadi sabitlik təmin edilmişdi:
" Lakin rəsmi Tbilisinin Avropadan uzaqlaşması bu tendensiyanın geriyə dönməsinə səbəb olacaq. Qərblə münasibətlərin kəskinləşməsi fonunda enerji, turizm, kənd təsərrüfatı və nəqliyyat kimi əsas sahələrdə böhran potensialı formalaşa bilər. Bir sözlə, Tbilisinin Avropa ilə əlaqələri zəiflədərək Rusiyaya yönəlməsi Gürcüstanın gələcəyini təhlükə altına alır. Bu siyasət demokratik dəyərlərin deqradasiyasına, sosial narazılığın artmasına və iqtisadi geriləməyə səbəb ola bilər. Gürcüstan üçün yeganə çıxış yolu, xalq iradəsinə və demokratik prinsiplərə əsaslanan balanslı, Qərbə inteqrasiya yönümlü və regional təhlükəsizliyi nəzərə alan siyasətə geri dönüşdür”.
Geri qayıt |