Əsas Səhifə > Güney Press > İrəvan Bakını yenə haqlı çıxardı
İrəvan Bakını yenə haqlı çıxardıDünən, 17:08 |
Ermənistan rəsmilərin sülhpərvər bəyanatları ara vermir. Sanki bölgədə sabitlik və əmin-amanlıqda yalnız İrəvan maraqlıdır. Son olaraq, dünən xarici işlər naziri Ararat Mirzəyan bir daha Bakı ilə eyni gündə sülh müqaviləsini və ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı sənəd-müraciəti imzalamağa hazır olduqlarını bildirib. Amma Mirzəyan Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün ikinci və ən əsas şərtini – Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddiasını ehtiva edən istinadən çıxarılması kimi legitim tələbini növbəti dəfə görməzlikdən gəlib. Yəni yenə atı arabanın arxasına bağlamaq cəhdi. Beləcə, “araba”, “yük” qarşı tərəfin günahı üzündən illərdir yerində qalır. Ermənistan rəhbərliyi isə ya sadəlövhcəsinə, ya da çoxbilmişliyindən hələ də möcüzəyə ümid edir. Möcüzə isə olmayacaq. Bu da növbəti “daşdan keçən” sübutlar. Məsələ ondadır ki, bir neçə gün öncə İrəvan Dövlət Universitetində tələbələrlə görüş zamanı baş nazir Nikol Paşinyan bilərəkdən ya bilməyərəkdən belə bir cümlə işlədib: “Biz 44 günlük müharibə nəticəsində vətənin bir hissəsini itirdik, lakin daha suveren və daha müstəqil dövlət əldə etdik”. Diqqət: bunu dəfələrlə “Qarabağ Azərbaycandır” deyən Paşinyan bəyan edir. Başqa sözlə, o, qanuni və tarixi ərazimizi – Qarabağı hələ də “ermənilərin vətəni” saymaqdadır və bunu dilə gətirməkdən çəkinmir! Ermənilərin Qarabağa kim tərəfindən, nə vaxt doldurulduğu isə sübuta ehtiyacı olmayan bəsit bir həqiqətdir. Konstitusiyada Azərbaycana qarşı məlum torpaq iddiasının qalması fonunda Nikolun bu fikri ciddi təhlükədən xəbər verir və Bakının məlum tələbinin nə dərəcə haqlı olduğunu dönə-dönə təsdiqləyir... Rəsmi İrəvanın Azərbaycanla böyük sülhdə maraqlı olmadığını isbatlayan digər sübut. Məlum olub ki, Ermənistanda separatçıların Qarabağda qurduğu xunta rejiminin sonuncu “rəhbəri” Samvel Şahramanyanı həbs cəzası gözləyir. Vəkilinin sözlərinə görə, o, “vəzifə “səlahiyyətləri ilə bağlı səhlənkarlıqda, silah-sursatı azərbaycanlılara təhvil verməkdə” ittiham olunur. Açması belədir: Şahramanyan Azərbaycan dövləti əleyhinə separatçı fəaliyyətə görə yox, tam əksinə, ölkəmizə qarşı axıra kimi və gərəkən silahlı müqaviməti təşkil etməməyə, qanunsuz silah-sursatı Bakıya təhvil verməyə görə mühakimə olunur. Bu, 2-cu Dünya müharibəsi zamanı on milyonlarla günahsız insanın qətlinə bais olmuş alman-faşist generallarına, Hitlerə bəraət vermək kimi bir şeydir... Sadalanan neqativ gəlişmələrin fonunda gəl indi Ermənistan parlamentinin sədri Alen Simonyanın dünənki sözlərinin səmimiliyinə inan. Sitat: “Ermənistanda Qarabağ strukturları yoxdur. Varsa da bu, QHT-lərin səviyyəsindən yuxarı ola bilməz. Əks halda mən əminəm və müvafiq qurumlardan reaksiya tələb edirəm. Ermənistanda başqa strukturlar yoxdur, onlar tanınmır və tanınması da mümkün deyil. Mən baş naziri Nikol Paşinyanın bu xüsusda bütün bəyanatlarını dəstəkləyir, həmin bəyanatlara görə məsuliyyəti bölüşürəm”. Yenə də qulağa xoş gələn sözlər. Əlahəzrət faktlar isə əfsus ki, ayrı şeyi diktə edir. Görəsən Nikol və komandası bunun fərqindəmi? Ümumiyyətlə, Paşinyan hökuməti Azərbaycana münasibətdə “dəvəquşu siyasəti”ndən nə vaxt əl çəkəcək? Axı kim-kim, biz erməniləri hamıdan yaxşı tanıyırıq. Onların içini bizdən yaxşı görən başqa kimsə varmı, ola bilərmi? Bu xüsusda Azərbaycan Prezidentinin bu il aprelin əvvəlində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söylədiyi aşağıdakı fikir öz aktuallığını bütünlüklə saxlayır. İlham Əliyev Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu deyərək əlavə etmişdi: “Mən onları iki yerə bölərdim: aktiv revanşistlər, 30 illik işğala görə məsuliyyət daşıyanlar və passiv revanşistlər – ilk baxışda konstruktiv yanaşma nümayiş etdirməyə çalışan, əslində isə eyni intiqam və qisas hissi ilə yaşayan hazırkı hakimiyyət. O səbəbə ölümcül silahlar alırlar, bəzilərini isə pulsuz əldə edirlər. O səbəbə Azərbaycana qarşı yeni hərbi əməliyyatlar planlaşdırırlar. Eyni səbəbdən Minsk Qrupunun buraxılması ilə bağlı qanuni təklifimizi qəbul etmək istəmirlər”. Əgər rəsmi İrəvanın bunun əksini sübut etmək niyyəti və iradəsi varsa, buyursun. Zaman daralır. Həm də Ermənistanın ziyanına... Musavat.com Geri qayıt |