Əsas Səhifə > Güney Press > Həbsdə olan eks-vəzifəli şəxsdə planşet aşkarlandı
Həbsdə olan eks-vəzifəli şəxsdə planşet aşkarlandı4-06-2025, 10:19 |
Bakı Apellyasiya Məhkəməsində cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyalar saxlamaqda təqsirləndirilən Qadir Quliyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Qaradağ Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona qəti olaraq 1 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İttihama görə, Qadir Quliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə məlum olmayan vaxtda və mənbədən qadağan olunmuş 1 ədəd “Samsung” markalı planşet, 1 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcıq, 1 ədəd smart saat, 1 ədəd elektrik qidalandırıcısı, otaqdakı elektrik yuvasında olan 1 ədəd elektrik qidalandırıcısı, 1 ədəd “Nokıa WİFİ” markalı router və dolabda olan1 litr həcmli şüşə butulkada spirtli içkini əldə edərək özündə saxlayıb. Ötən il saat 23:10-də Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisənin inzibati binasının yaxınlığında yerləşən təsərrüfat təyinatlı otaqda Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş qəfləti axtarış-baxış tədbirləri nəticəsində ona məxsus yataq yerindən açıq aşkar şəraitdə saxladığı həmin əşyalar aşkar edilərək götürülüb. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdi. Qeyd: Qadir Quliyev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq), 178.2.3, 178.2.4, 179.3.2-ci (mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək 4 il 4 a ay müddətinə azadlıqdan məhrum edilmişdi. Geri qayıt |